Mübariz Qurbanlı: "Azərbaycan 2030" Strategiyası regional inkişafın təmin edilməsinə yönəlib
- 20 may, 2026
- 12:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan əhəmiyyətli dağ potensialına malikdir və onun inkişafını dayanıqlılığa, uzunmüddətli perspektivə yönəlmiş regional inkişafın ümumi strategiyasının mühüm tərkib hissəsi kimi nəzərdən keçirir.
"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasında bəyan edib.
Onun sözlərinə görə, dağlıq ərazilərin inkişafı balanslaşdırılmış regional inkişafın təmin edilməsinə yönəlmiş "Azərbaycan 2030" strategiyasında təsbit olunub.
Deputat həmçinin Azərbaycanın işğaldan azad edilmiş və əhəmiyyətli hissəsi dağlıq ərazilərdə yerləşən torpaqlarında həyata keçirilən "Böyük Qayıdış" proqramını da diqqətə çatdırıb: "Azərbaycanın azad edilmiş əraziləri tarixən yüksək turizm potensialı ilə tanınıb. Xüsusilə də, Kəlbəcər rayonu kurortları və mənzərəli landşaftları sayəsində unikal təbii mühiti ilə, Şuşa şəhəri isə zəngin mədəni irsi və turistik məkanları ilə fərqlənib. İşğaldan azad olunduqdan sonra bu ərazilərdə turizm infrastrukturunun bərpası və inkişafı üzrə irimiqyaslı proqram həyata keçirilir. Turizm üçün müasir şərait yaradılır, yeni obyektlər və turizm mərkəzləri inşa edilir".