Monteneqro təmsilçisi: Bizim şəhərsalma planlamasında bir çox problemlərimiz var

Xarici siyasət
  • 19 may, 2026
  • 15:13
Monteneqro təmsilçisi: Bizim şəhərsalma planlamasında bir çox problemlərimiz var

Monteneqronun şəhərsalma planlaşdırılmasında bir çox problemləri var.

"Report" xəbər verir ki, bunu Monteneqronun Məkan Planlaşdırılması, Urbanizm və Dövlət Əmlakı Nazirliyinin təmsilçisi Radmila Lainovic WUF13 çərçivəsində keçirilən "Köçkünlüyün Ön Xəttində Şəhərlər - İnklüzivlik və Davamlılıq üçün İdarəetmə" adlı tədbirdə deyib.

O bildirib ki, Monteneqro Hökumətinin 2022-ci ildə rəsmi müraciəti əsasında UNECE ilə birlikdə Monteneqro mənzil sektorunun müstəqil, hərtərəfli qiymətləndirilməsini təmin edən sənəd hazırlanıb:

"Təqdimat bu ilin martında baş tutub və buna görə də tövsiyələrin icrası barədə danışmağa hələ vaxtımız olmayıb. Monteneqro hökuməti ölkədəki intensiv şəhərsalma transformasiyası dövrünü düzgün idarə etmək və daxili qanunvericiliyi Avropa İttifaqına inteqrasiya prosesi, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə uyğunlaşdırmaq üçün bu profilin hazırlanmasını xahiş etmişdi. Bir neçə problemi həll etmək üçün bizə müstəqil ekspert analizi lazım idi. ​Birincisi, sosial mənzil siyasətində, ümumiyyətlə bütün mənzil siyasətində islahatlar aparmalıyıq. Bizə, əlbəttə ki, nəzarətsiz urbanizasiya ilə bağlı tövsiyələr lazım idi. Düşünürəm ki, bu sənəd həmin profilin əhəmiyyətini xüsusi vurğulayır. Sənəd gələcək siyasətin inkişafını təşviq etməli və ona təsir göstərməli olan tövsiyələri təqdim edir".

Monteneqro təmsilçisi əlavə edib ki, ölkəsi 2006-cı ildə müstəqilliyini bərpa etdikdən bəri sürətli iqtisadi transformasiya yolu keçib:

"Bu gün biz Qərbi Balkanlarda Aİ-yə üzvlük prosesinin rəsmi lideriyik və artıq 33 danışıqlar bəndini açmışıq. Hökumətimiz bu ilin sonunadək bütün fəsilləri bağlamağı və son məqsəd olaraq 2028-ci ilə qədər tamhüquqlu Aİ üzvü olmağı hədəfləyir. Təbii ki, Aİ-yə inteqrasiya sahəsində bizim əsas diqqət mərkəzimiz qanunun aliliyi, 23 və 24-cü fəsillərdəki irəliləyişlər, iqtisadi kriteriyalar və bu sahədə qanunvericiliyin uyğunlaşdırılmasıdır. Bu sənədlərdə Monteneqrodakı demoqrafik, regional bərabərsizliklərin və miqrasiyanın analizi yer alır".

O vurğulayıb ki, Monteneqronun ümumi əhalisi təxminən 623,000 nəfərdir və bu say nisbətən sabit qalır:

"Bununla belə, bu sabit görünüşün altında böyük bir daxili yerdəyişmə dayanır. Bu gün əhalinin 67%-dən çoxu şəhər yerlərində yaşayır. Demək olar ki, bütün ölkə əhalisinin yarısı cəmi üç bələdiyyədə cəmləşib. Bu sıx cəmləşmə yerli su, tullantıların idarə olunması və nəqliyyat infrastrukturuna görünməmiş bir yük yaradır. Bu cür şəhərləşmə ölkənin şimalı ilə cənubu arasında ciddi coğrafi-iqtisadi fərqlər formalaşdırıb. Sahil bölgəsi və paytaxt Podqoritsa şəhəri hiper-inkişaf etmiş iqtisadi mühərrik rolunu oynayır, lakin şimal bölgəsi durğunluq və əhalinin azalmasından (depopulyasiyadan) əziyyət çəkir.

​Bizim şəhərsalma planlaşdırılmasında bir çox problemlərimiz var. Çox sayda qeyri-qanuni (sənədsiz) obyektlərimiz var. Ötən bu il ərzində nazirliyimizin səlahiyyətləri çərçivəsində xeyli fəaliyyətlərimiz olub".

44 - Tezliklə