Monika Kuffer: Süni intellekt qeyri-rəsmi yaşayış məskənlərinin inkişafını izləməyə kömək edir
- 20 may, 2026
- 17:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Qeyri-rəsmi yaşayış məskənləri tikintinin xarakterik xüsusiyyətlərinə malikdir ki, bunları peyk məlumatları və süni intellektin köməyi ilə yüksək dəqiqliklə aşkar etmək mümkündür, bu isə daha səmərəli şəhər planlaşdırmasına kömək edir.
"Report"un məlumatına görə, bunu şəhərlərin problemli ərazilərinin xəritələşdirilməsi üzrə ekspert, IDEAMAPS şəbəkəsinin professoru Monika Kuffer WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" tədbirində bəyan edib.
Onun sözlərinə görə, dünyanın müxtəlif şəhərlərindəki qeyri-rəsmi yaşayış məskənləri, fərqliliklərinə baxmayaraq, çox vaxt oxşar əlamətlərə malikdir - yüksək tikinti sıxlığı, bir-birinə yaxın yerləşən kiçik tikililər, eləcə də qeyri-müntəzəm şəhər quruluşu ki, bu da onları peyk şəkillərində qeydə almağa imkan verir.
"Avropa Kosmik Agentliyi tərəfindən dəstəklənən beynəlxalq layihə çərçivəsində süni intellekt modellərinin öyrədilməsi üçün balanslaşdırılmış məlumat dəstlərinin yaradılmasına dair yanaşma hazırlanıb. Bu modellər peyk şəkilləri əsasında belə yaşayış məskənlərinin nəinki yerləşməsini, həm də inkişaf dinamikasını müəyyən etməyə imkan verir", - o bildirib.
M.Kuffer vurğulayıb ki, məlumatların keyfiyyəti, eləcə də nəticələrin yerli səviyyədə daimi yoxlanılması zərurəti həlledici əhəmiyyət kəsb edir, çünki süni intellekt modellərinin effektivliyi məhz ondan asılıdır.
O qeyd edib ki, hazırlanmış yanaşma təkcə modellərin yaradılmasını deyil, həm də onların yerli icmalarla birgə verifikasiyasını nəzərdə tutur ki, bu da məlumatların dəqiqliyini artırmağa və yerlərdəki real dəyişiklikləri nəzərə almağa imkan verir.