Moldovalı nazir: "Bakı və Kişineu logistik maneələrə baxmayaraq ticarəti artırmaq istəyir"

Biznes
  • 12 noyabr, 2025
  • 16:32
Moldovalı nazir: Bakı və Kişineu logistik maneələrə baxmayaraq ticarəti artırmaq istəyir

Moldova və Azərbaycan arasında ticarət dövriyyəsi müsbət dinamikaya malik olsa da, obyektiv çətinliklərlə də üzləşir.

Bunu "Report"un Avropa bürosuna müsahibəsində Moldovanın infrastruktur naziri və baş nazirin müavini Vladimir Bolea bildirib.

"Ukraynada müharibə və ənənəvi logistika marşrutlarının pozulması iki ölkə arasında iqtisadi əlaqələrə təsirsiz ötüşməsə də, apreldə Bakıda hökumətlərarası komissiyanın altıncı iclası keçirilib və tərəflər ikitərəfli münasibətləri inkişaf etdirmək istəyini bir daha təsdiqləyiblər", - o qeyd edib.

V.Boleanın sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması logistikanın mürəkkəb və çatdırılma tariflərinin yüksək olması səbəbindən kifayət qədər çətin proseddir. "Lakin yenə də imkanlar var. Logistik maneələrə baxmayaraq, biz fəal şəkildə həll yolları axtarırıq", - baş nazirin müavini qeyd edib.

O vurğulayıb ki, Rusiyanın ardıcıl surətdə məhdudiyyətlər tətbiq etməsi vəziyyəti mürəkkəbləşdirir: "Rusiya Moldova şirkətlərinə qarşı idxalla yanaşı, MDB ölkələri üçün tranzitlə də bağlı sanksiya tətbiq edib. Buna görə vəziyyət getdikcə çətinləşir".

V.Boleanın sözlərinə görə, Azərbaycan vasitəsilə birbaşa "dəhlizlər", o cümlədən gələcək Zəngəzur dəhlizi, həmçinin Rumıniya və Türkiyə vasitəsilə istifadə olunan nəqliyyat sxemlərinin imkanları məsələsi açıq qalır - variantların çoxu həddindən artıq baha başa gəlir.

"Moldovanın kənd təsərrüfatı məhsullarının istehsalçıları öz mallarını Azərbaycana tədarük etməkdə maraqlıdırlar. Azərbaycan isə öz təcrübəsini bölüşməyə və Moldovada tələbatın yüksək olduğu kənd təsərrüfatı gübrələrini tədarük etməyə hazırdır", - o söyləyib.

Nazirin sözlərinə görə, münasibətlərdə energetika mühüm rol oynayır: "Moldova xüsusilə "yaşıl enerji", yeni texnologiyaların mənimsənilməsi və dayanıqlı enerji əlaqələrinin yaradılması məsələlərində Azərbaycanın təcrübəsini öyrənməyə çalışır".

"Yaşıl enerji" sahəsində təcrübə mübadiləsi və bütövlükdə enerji münasibətləri hər iki ölkə üçün əsas istiqamətlərdən biridir. Moldovada elektrik enerjisi istehsalı bərpa olunan mənbələr hesabına yüksələn xətlə inkişaf edir və son 4 ildə "yaşıl enerji" istehsalı sabit şəkildə artaraq ölkədə istehlak olunan ümumi həcmin təxminən 30 %-nə çatıb.

"Yaxın iki-üç ildə Moldova Avropa İttifaqına elektrik enerjisi ixrac edən ölkəyə çevriləcək – hazırda Rumıniyaya ilk tədarük xəttini tamamlayırıq və Suçaba-Beltse bağlantısı üzərində işləyirik. 2027-ci ilə qədər daxili tələbatı tam təmin etməyi, sonra isə ixrac tədarüklərini artırmağı planlaşdırırıq", - baş nazirin müavini qeyd edib.

"Bundan başqa, Azərbaycan özünü çoxdan neft-qaz məhsullarının istehsalçısı kimi tanıdıb, bu cür tədarüklər Moldova iqtisadiyyatı üçün strateji əhəmiyyətə malikdir. Enerji daşıyıcılarının idxalı tərəfdaşlığın genişləndirilməsi üçün perspektivli sahələrdən biridir", - o əlavə edib.

Baş nazirin müavini Moldovanın regiondakı planları və ölkənin Avropa İttifaqına doğru irəliləməsindən də bəhs edib: "Biz artıq Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkəyik, bu statusu 2023-cü ildə almışıq. Əgər islahatları davam etdirsək, 2028-ci ilə qədər inteqrasiyanın yeni mərhələsinə keçməyə hazır olacağıq"

Nazirin sözlərinə görə, Moldova Aİ-nin Qara dəniz təşəbbüsündə fəal iştirak edir və regiondakı dinamika Azərbaycan, Cənubi Qafqazla münasibətlərə və onlar vasitəsilə Mərkəzi Asiya ilə əlaqələrə birbaşa təsir göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti