Mnqomezulu: Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi Afrikanın inkişafına töhfə verə bilər

Xarici siyasət
  • 25 may, 2026
  • 11:26
Mnqomezulu: Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi Afrikanın inkişafına töhfə verə bilər

Afrika ölkələri öz inkişafını sürətləndirmək üçün Azərbaycanın rəqəmsal transformasiya və texnoloji inkişaf sahəsindəki təcrübəsindən istifadə edə bilərlər.

"Report"un məlumatına görə, bunu Esvatininin Azərbaycandakı qeyri-rezident səfiri Sibusisive Mnqomezulu Bakıda "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı konfransda bildirib.

"Biz Azərbaycanın texnoloji inkişafını görürük və başa düşürük ki, rəqəmsal transformasiya Afrikanın davamlı inkişafı üçün həlledici əhəmiyyət daşıyır", - o qeyd edib.

Diplomatın sözlərinə görə, Afrikanın 1,3 milyarda yaxın əhalisi var və bu, qitəni ticarət və iqtisadi əməkdaşlıq üçün nəhəng potensiala malik bazara çevirir.

O vurğulayıb ki, Azərbaycanın Asiya ilə Avropa arasında strateji mövqeyi ölkəni ticarət yollarının mühüm kəsişmə nöqtəsinə çevirir və Afrika dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.

"Biz kənd təsərrüfatı və aqrar sənaye zəncirləri kimi sahələrdə tərəfdaşlığın gücləndirilməsini son dərəcə vacib hesab edirik", - Mnqomezulu bəyan edib.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi və ərzaq suverenliyi məsələləri Afrikanın müstəqil inkişafı və Afrika İttifaqının "Agenda 2063" strateji proqramının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

Səfir həmçinin energetika, enerji keçidi və "yaşıl" transformasiya sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.