Mirziyoyev C6 çərçivəsində "altı iqtisadiyyat - bir məhsul" formulu üzrə birgə istehsal təklif edib

Xarici siyasət
  • 08 oktyabr, 2026
  • 11:34
Mirziyoyev C6 çərçivəsində altı iqtisadiyyat - bir məhsul formulu üzrə birgə istehsal təklif edib
Şavkat Mirziyoyev

Mərkəzi Asiya ölkələri və Azərbaycan vahid sənaye, eləcə də texnoloji zəncirləri inkişaf etdirərək qarşılıqlı ticarətdən son məhsulun birgə istehsalına keçməlidir.

"Report"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

Onun sözlərinə görə, region ölkələrinin iqtisadi əməkdaşlığı yeni səviyyəyə çıxmalıdır:

"Bunun üçün qarşılıqlı ticarətin və investisiyaların artımının konkret mexanizmlərini müəyyən etmək lazımdır. İlk növbədə, söhbət böyük layihələri daha tez işə salmağa imkan verəcək birgə sənaye və texnoloji zəncirlərdən, ümumi rəqəmsal xidmətlər və investisiya mexanizmlərindən gedir".

Özbəkistan Prezidenti 2035-ci ilə qədər ticari-iqtisadi əməkdaşlıq üzrə hərtərəfli regional proqramın işlənib hazırlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu, regionun əsas üstünlüyündən - ümumi coğrafiyadan istifadə etmək üçün praktiki alətə çevrilməlidir.

"Ticarətdəki maneələri ardıcıl olaraq aradan qaldırmaq, sənaye kooperasiyasını genişləndirmək və iri birgə layihələrə başlamaq lazımdır. Biz artıq elə bir məqama çatmışıq ki, bir-birimizlə adi ticarət etmək kifayət deyil. Son məhsulu birlikdə yaratmaq lazımdır. "Altı iqtisadiyyat - bir məhsul" formulu can atmalı olduğumuz məqsədin mənasını yaxşı ifadə edir", - o vurğulayıb.

Ş.Mirziyoyev əlavə edib ki, bir neçə ölkənin müəssisələrinin vahid istehsal zəncirində iştirakı dövlətlərin iqtisadiyyatları arasında daha möhkəm əlaqələr formalaşdırmağa imkan verəcək.

O bu istiqamətin inkişafı üçün 2027-ci ildə Özbəkistanda Mərkəzi Asiya və Azərbaycan biznes forumunun keçirilməsini təklif edib.