Səfir: Şəhərsalma təcrübəsi Azərbaycan-Niderland əməkdaşlığı üçün möhkəm zəmin yaradır
- 13 noyabr, 2025
- 17:35
Şəhərsalma təcrübəsi və digər sahələr üzrə ortaq məqsədlər Azərbaycan-Niderland əməkdaşlığı üçün möhkəm zəmin yaradır.
"Report" xəbər verir ki, bu fikirlər Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadənin "Diplomat Magazine" jurnalında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı Azərbaycanın şəhərsalma və memarlığın inkişaf təcrübəsindən bəhs edən məqaləsində əks olunub.
Bildirilib ki, Azərbaycanın yeni inkişaf mərhələsində davamlılıq və ekoloji məsuliyyət əsas prioritetlərdəndir. Bu çərçivədə Bakı bulvarı boyunca həyata keçirilən yaşıllaşdırma layihələri, keçmiş sənaye zonasının ekoloji reabilitasiyasını nəzərdə tutan "Ağ Şəhər" layihəsi, həmçinin müasir yaşayış, turizm və ekoloji davamlılıq prinsiplərini birləşdirən "Sea Breeze" layihəsi Azərbaycanın urban transformasiyasının bariz nümunələri kimi təqdim olunub.
Məqalədə hazırda ölkədə şəhərsalma prosesinin, əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına yönəldildiyi, "Böyük Qayıdış" proqramı çərçivəsində bu ərazilərdə ağıllı, dayanıqlı və ekoloji təmiz şəhər və kəndlərin salındığı, müasir infrastrukturun qurulduğu və tarixi abidələrin bərpa edildiyi bildirilib. Zəngilanın Ağalı kəndində tətbiq olunan "ağıllı kənd" konsepsiyası bu sahədə ilk nümunələrdən biri kimi qeyd olunub. Füzuli, Zəngilan və Laçın aeroportlarının, minlərlə kilometr uzunluğunda yeni magistral yolların və dəmir yolu xətlərinin, müasir tunel və körpülərin inşasının azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial həyatına inteqrasiyasına mühüm töhfə verdiyi qeyd olunub. Həmçinin Şuşa şəhərinin yenidən qurulması bu ərazilərdə mədəni irsin bərpasına yönəlmiş ən önəmli nümunələrdən biri kimi göstərilib.
Məqalədə, həmçinin Azərbaycan və Niderland arasında şəhərsalma sahəsində ortaq baxışlar və əməkdaşlıq imkanlarına da diqqət yetirilib. Qeyd olunub ki, Azərbaycanın orta əsr qala-şəhərlərindən başlayaraq neft bumu dövrü və ondan sonrakı metropollarına və müasir "ağıllı" kənd və şəhərlərinə qədər davamlı və çevik inkişaf təcrübəsi, Niderlandın isə davamlı urbanizasiya və su idarəçiliyi sahəsində qlobal təcrübəsi var. Hər iki ölkənin ekoloji dayanıqlılıq, innovativ məkan planlaşdırması və inklüziv yaşayış siyasəti kimi istiqamətlərdə ortaq məqsədləri bölüşdüyü və bütün bu amillərin gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı vurğulanıb.