Marta Kos: Avropa Ermənistan, Azərbaycan və Türkiyə ilə konkret layihələr siyahısını formalaşdırır

Xarici siyasət
  • 14 fevral, 2026
  • 18:43
Marta Kos: Avropa Ermənistan, Azərbaycan və Türkiyə ilə konkret layihələr siyahısını formalaşdırır

Marta Kos: Avropa Ermənistan, Azərbaycan və Türkiyə ilə konkret layihələrin siyahısını formalaşdırır

Avropa İttifaqı əməkdaşlığın prioritet istiqamətlərini müəyyən etmək üçün Ermənistan, Azərbaycan və Türkiyə ilə konkret layihələrin siyahısını formalaşdırır.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münxen Təhlükəsizlik Konfransında bəyan edib.

Onun sözlərinə görə, regionda həyata keçirilən layihələr özəl investorların cəlb edilməsi üçün zəmin yaradır. "Bunlar böyük miqyaslı təşəbbüslərdir ki, onları yalnız vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirmək mümkün deyil. Buna görə də özəl kapital üçün şərait yaratmaq vacibdir", - o vurğulayıb.

Kos qeyd edib ki, nəqliyyat layihələri arasında rəqabət mövcud ola bilər, lakin faydalıdır, çünki bu, layihələrin həyata keçirilməsinin sürətləndirilməsini stimullaşdırır. "Biz 2030-cu ili hədəf kimi nəzərdən keçiririk. Bu, dörd ildən azdır. Cənab Prezident, qısa müddətdə hər şeyi necə həyata keçirəcəyimizi təsəvvür etməsəm də, bunun mümkün olduğuna inanıram", - Avrokomissar Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək bildirib.

O əlavə edib ki, bu, Aİ üçün də yeni təcrübədir. "Müəyyən dərəcədə biz bir-birimizi irəli itələyirik və bu yaxşıdır. Bəli, Aİ-də qərar qəbulu prosesi bəzən asan olmur, çünki birlik 27 ölkədən ibarətdir. Lakin indi görürük ki, TRIPP layihəsi Naxçıvan istiqaməti ilə birlikdə, Türkiyəni də nəzərə alaraq, region üçün əsl sıçrayış ola bilər", - Kos bəyan edib.