Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Xarici siyasət
  • 07 oktyabr, 2026
  • 15:37
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Avropa İttifaqı (Aİ) 2008-ci ildən Azərbaycanın təhsil sektorunun inkişafına töhfə verir, bu dövr ərzində ölkədə 29 layihə həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Study in Europe" təhsil sərgisinə həsr olunmuş brifinqdə bildirib.

O xatırladıb ki, bu il Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyi qeyd olunur.

"Tərəfdaşlığımız və əməkdaşlıq sazişimiz 1996-cı ildə imzalanıb və o vaxtdan bəri biz çox şeyə nail ola bilmişik. Müxtəlif sahələrdə Azərbaycan əhalisinə fayda gətirən yüzlərlə layihə həyata keçirilib - kənd təsərrüfatı və biznesin inkişafından tutmuş səhiyyə, ətraf mühitin mühafizəsi, təhsil və bir çox digər istiqamətlərə qədər", - Kuyundziç deyib.

O qeyd edib ki, bakalavr, magistr və ya PhD dərəcəsi almaq istəyən azərbaycanlı tələbələr arasında Avropanın ali təhsil müəssisələri böyük populyarlıq qazanıb.

"Minlərlə azərbaycanlı tələbə Erasmus+ və digər mübadilə proqramları çərçivəsində təhsil almaq üçün Avropaya yollanıb", - səfir əlavə edib.

Kuyundziçin sözlərinə görə, Bakıda keçiriləcək dördüncü "Study in Europe" təhsil sərgisində 16 Avropa ölkəsindən: Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Slovakiya və İsveçdən rekord sayda - 60 universitet və milli təhsil agentliyi iştirak edəcək.

Qeyd edək ki, təhsil sərgisi oktyabrın 10-11-də Bakıda Hilton hotelində keçiriləcək.

44 filmi