Lyudmila Korniyaka: “Azərbaycana reabilitasiya üçün gələn ukraynalı uşaqlar səmimi qarşılanıblar”
- 04 avqust, 2023
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycana reabilitasiya üçün gələn ukraynalı uşaqlar çox səmimi qarşılandılar”.
Bunu "Report"a açıqlamasında qrupun rəhbəri Lyudmila Korniyaka deyib.
Onun sözlərinə görə, müharibədən əziyyət çəkən uşaqların istirahətə ehtiyacı var: “Bundan başqa, Azərbaycana səfər bu ölkənin adət-ənənələrini daha yaxından tanımağa kömək edəcək”.
"Azərbaycana gələn kimi səmimi qarşılandığımız üçün müsbət əhvali-ruhiyyəyə kökləndik", - o deyib.
Azərbaycana səfər edən ukraynalı uşaqlardan biri, Kiyev vilayətindən olan Rostislav Xorstka isə qeyd edib ki, Bakıda ilk günü olsa da, buranı çox bəyənib: “Əgər burada hər şeyi bəyənsəm, ailəmlə bura gəlmək istəyərəm”.
Qeyd edək ki, müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gəlib. Onlar 14 gün ərzində Bakı, Şamaxı, Qəbələ və Şəki düşərgələrində reabilitasiya keçəcəklər. Layihəni Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi həyata keçirir.
Fərdi konsultasiyalar, qrup terapiyası, meditasiya və yoqa dərsləri, psixososial təlimlər, peşəkar psixoloqlar tərəfindən keçirilən ustad dərsləri vasitəsilə bu uşaqların emosional vəziyyətinin sabitləşməsi təmin ediləcək.