Lyu Haysin: Çin və Azərbaycan münasibətləri getdikcə daha konkret məzmun kəsb edir
- 08 sentyabr, 2026
- 14:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin və Azərbaycan arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edir və getdikcə daha konkret məzmun kəsb edir.
"Report" xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysin Bakıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Çin Mərkəzi"nin açılışında deyib.
Onun sözlərinə görə, iki ölkə rəhbərləri arasında siyasi etimad və şəxsi dostluq ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyət kəsb edir:
"Biz şadıq ki, getdikcə daha çox insan Çindən Azərbaycana turizm məqsədilə gəlir, getdikcə daha çox Çin şirkəti isə Azərbaycanda işləmək və onun iqtisadiyyatına investisiya yatırmaq istəyir".
L.Haysin qeyd edib ki, Dövlət İdarəçilik Akademiyasında "Çin Mərkəzi"nin yaradılması iki ölkə arasında əməkdaşlığın inkişafının mühüm təzahürüdür.
O, həmçinin Azərbaycan gənclərinin Çin dilini öyrənməyə artan marağını da qeyd edib:
"Azərbaycanda getdikcə daha çox gəncin Çin dilini öyrənmək istəməsi həm də Çinə və onun inkişafına olan marağın artmasından xəbər verir".