Liviya minatəmizləmə sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır
- 03 sentyabr, 2026
- 10:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Liviya minatəmizləmə sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır.
"Report" xəbər verir ki, bunu Liviya Mənzil və Tikinti Nazirliyinin müşaviri Fathi Benfares "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Liviya ilə Misir arasındakı sərhəddə hələ də minalar mövcuddur:
"Biz buraya Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik. Amma bizim də Tripolidə və Liviyada İkinci Dünya müharibəsindən qalan minalarla bağlı təcrübəmiz var. Həmçinin İŞİD-lə müharibə zamanı əldə etdiyimiz başqa təcrübələr də var. Onlar orada çoxlu sayda mina qoyublar və bu günə qədər ərazinin təxminən 90 faizi təmizlənib. Lakin hələ də mina partlayışları nəticəsində xəsarət alan insanlar var. Son 6 ildə təxminən 90 nəfər minalardan zərər çəkib və xəsarət alıb".
Müşavir həmçinin beynəlxalq dəstəyin yetərli olmadığını vurğulayıb:
"İndiyə qədər bunun kifayət etdiyini düşünmürəm. Bizə daha çox dəstək lazımdır. Minalardan təmizləmə sahəsində çalışan qurumlardan daha çox təcrübəyə ehtiyacımız var. Avropa İttifaqı, UNDP və digərləri ilə əlaqələrimiz var. Biz hər tərəfdən yardım axtarırıq. Çünki partlayıcı qurğuların bəzilərini aşkar etmək və zərərsizləşdirmək həqiqətən çox çətindir".