Leviston: Dünya Azərbaycanla hesablaşmalı olacaq
- 08 sentyabr, 2026
- 11:33
Azərbaycanı sadəcə Avrasiyanın geosiyasi oyunçusu kimi deyil, artan beynəlxalq nüfuza malik olan və yaxın illərdə dünyanın hesablaşmalı olacağı bir dövlət kimi nəzərdən keçirmək lazımdır.
"Report" xəbər verir ki, bunu "Yeni Avrasiya" (ONE) rəsədxanasının həmtəsisçisi, Mərkəzi Asiya və Rusiyanın xarici siyasəti üzrə ekspert Mikael Leviston "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Leviston Bakının beynəlxalq arenada rolunun güclənməsinə kömək edən bir neçə əsas amili qeyd edib. Onların arasında o, Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki hərbi uğurlarını və 2023-cü ildə suverenliyinin bərpasını, eləcə də ölkənin aktual xarici siyasət kursunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın strategiyası üç mühüm istiqamətə əsaslanır. Birinci istiqamət Avropa İttifaqı və ABŞ ilə əlaqələrin inkişafı hesabına xarici siyasət tərəfdaşlıqlarının şaxələndirilməsini nəzərdə tutur.
O, ixrac bazasının genişləndirilməsini ikinci istiqamət adlandırıb. Ekspert həmçinin Azərbaycanın aqraq sənaye kompleksi, ağac emalı, poladəritmə və kimya sənayesindəki ambisiyalarını qeyd edib.
"Azərbaycan qlobal neft və qaz qiymətlərinin dəyişkənliyindən qaynaqlanan asılılığı və bununla bağlı riskləri azaltmağa çalışır", - Leviston bildirib.
Ekspert üçüncü amil kimi fəal çoxtərəfli diplomatiyanı qeyd edib. Bununla əlaqədar o, ölkədə irimiqyaslı beynəlxalq tədbirlərin, o cümlədən 2024-cü ilin noyabrında COP29 iqlim konfransının keçirildiyini xatırladıb.
"Bütün bu amillər Azərbaycanı bu gün "orta güc" adlandırılan, təsiri milli sərhədlərdən və birbaşa maraqlardan xeyli kənara çıxan bir dövlət kimi təsdiqləyir. Buna görə də Azərbaycanı yalnız Avrasiyada geosiyasi oyunçu kimi deyil, həm də yaxın illərdə dünyanın hesablaşmalı olacağı bir dövlət kimi nəzərdən keçirmək lazımdır", - Leviston vurğulayıb.