Latın Amerikası ölkələri mənzilin insan hüquqlarının əsası kimi tanınmasını istəyirlər

Xarici siyasət
  • 21 may, 2026
  • 12:43
Latın Amerikası ölkələri mənzilin insan hüquqlarının əsası kimi tanınmasını istəyirlər

Latın Amerikası ölkələrində mənzilin kommersiya əmtəəsi deyil, insanın əsas hüququ kimi tanınmasına dair beynəlxalq müzakirələri davam etdirməyə çağırırlar.

"Report" xəbər verir ki, bu barədə "Habitat International Coalition"ın Latın Amerikası üzrə koordinatoru Mariya Silviya Emanuele Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət mənzilə bazar və maliyyə spekulyasiyaları obyekti kimi baxılan yanaşmanın dəyişdirilməsi üzərində işi davam etdirməlidir.

O vurğulaıyb ki, son illərdə mənzillərin maliyyələşdirilməsi problemi getdikcə daha aktual olur və daha geniş beynəlxalq müzakirələr tələb edir.

"Habitat International Coalition"ın nümayəndəsi həmçinin, insanların birbaşa evdən çıxarılmalar səbəbindən deyil, icarə haqlarının artması, mənzil bazarının zəif tənzimlənməsi və ümumi bazar təzyiqi nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldıqları - "görünməz köçürmələr" adlandırılan problemə diqqət çəkib.

Onun sözlərinə görə, bənzər proseslər dünyanın bir çox ölkəsində hər gün baş verir, lakin onları statistik olaraq qeydə almaq xeyli çətindir.

M.Emanuele həmçinin, daşınmaz əmlak bazarında spekulyasiyanı məhdudlaşdıra biləcək və daha ədalətli mənzil siyasətinin formalaşmasına töhfə verəcək vergi və fiskal mexanizmlərin müzakirə edilməsinin zəruriliyini vurğulayıb.