Laçında dayanıqlı inkişafda qadınların rolu mövzusunda panel sessiya keçirilib
- 02 iyul, 2025
- 15:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Laçında təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu çərçivəsində "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib.
"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, sessiya ECO Təmiz Enerji Mərkəzinin müvəqqəti icraçı direktoru Aysel Yaqubovanın moderatorluğu ilə baş tutub.
Panel sessiya "İƏT ölkələrində qadınların rəhbərlik etdiyi yaşıl biznesləri gücləndirmək üçün hansı iqtisadi alətlər daha effektivdir?", "Rəqəmsal inklüzivlik və innovasiyalar birgə əməkdaşlıqla necə sürətləndirilə bilər?" və s. suallara həsr edilib.
Sessiyada Qırğızıstan əmək, sosial müdafiə və miqrasiya nazirinin müavini Aliza Soltonbekova, Türkiyə ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün, Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, İran Xarici İşlər Nazirliyinin İƏT və çoxşaxəli iqtisadi əməkdaşlıq məsələləri üzrə departamentinin direktoru Behzad Azar, ECO-nun Elm Fondunun rəhbəri Seyid Komail Təyyibi, BMT Sənaye İnkişafı Təşkilatının (UNIDO) Sənaye İnkişafı üzrə mütəxəssisi Tatyana Çernyavskaya çıxış ediblər.
B.Azar İranın ECO ölkələri qadınlarının iştirakı ilə yüksək səviyyəli görüşə ev sahibliyi etmək istədiyini deyib. O həmçinin təklif edib ki, ECO-nun qadınlar üçün yaşıl fondu yaradılsın:
"Bununla bərabər, qadınların irəli sürdüyü layihələrə maliyyə dəstəyi üçün də xüsusi fond yaradılmasını istəyirik. Hesab edirik ki, qadınların dəstəklənməsi vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verəcək”.
S.K.Təyyibi Fondun sahibkar qadınlara qrantların verilməsini təklif etdiyini xatırladıb:
"Hazırda təşkilatın "yaşıl elm" proqramı mövcuddur. Bu, iqtisadiyyatın yaşıl sahələrinə diqqət ayrılmasını önə çəkir. Elm və innovasiyaların təşviqində ECO öndədir və təşkilatın prioriteti bundan sonra da belə olacaq”.
İ.Qədimova isə Azərbaycanın kənd təsərrüfatının inkişafı ilə bağlı nailiyyətlərindən danışıb. O bildirib ki, ağıllı idarəetmə, yaşıl infrastruktur və davamlı dolanışıq prinsipləri əsasında qurulan Zəngilan rayonunun Ağalı kəndi azad edilmiş ərazilərdə rəqəmsal əlaqəyə malik fermerlərin və geri qayıdanların ilk nəslinin evidir:
"Ağalı qadınları və gəncləri indi iqlimə davamlılıq və innovasiya üçün nəzərdə tutulmuş icmada günəş enerjisi ilə işləyən suvarma, rəqəmsal torpaq sensorları və e-hökumət giriş nöqtələri ilə təchiz olunmuş təsərrüfatları idarə edirlər. Azərbaycan gender bərabərliyini, davamlılığı və iqlim ədalətini nəzəri cəhətdən deyil, insanların real həyatında inkişaf etdirməyə sadiqdir".
Panel sessiya açıq müzakirə və sual-cavab sessiyası ilə davam edib.
Foto: Mircavid Eminoğlu