Kristian Mensa: Azərbaycan inklüzivliyin təşviqində mühüm rol oynayır
- 14 may, 2026
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu gün inklüziv dialoq və çoxtərəfli əməkdaşlığın təşviqində mühüm rol oynayır.
"Report"un məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) hökumətlərarası əlaqələr şöbəsinin rəhbəri və rəhbər orqanlarının keçmiş katibi Kristian Mensa Qlobal Cənub QHT platformasının Baş Assambleyasında bəyan edib.
Onun sözlərinə görə, 2024-cü ildə COP29-un Bakıda keçirilməsi Azərbaycanın inklüziv dialoq üçün müxtəlif tərəfləri birləşdirən mərkəz kimi artan rolunu nümayiş etdirib.
"Sülh və inkişaf davamlı insan inkişafından qaynaqlanır. Azərbaycanda hər gün genişmiqyaslı layihələr həyata keçirilir. Bu, ölkənin böyük uğurudur", - o qeyd edib.
K.Mensa vurğulayıb ki, Azərbaycanın çoxtərəfliliyin təşviqində, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dövründə və COP29 çərçivəsində bu istiqamətdə liderliyi Qlobal Cənub QHT şəbəkəsi kimi təşəbbüslər üçün möhkəm zəmin yaradıb.
O həmçinin bəyan edib ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qlobal Cənub ölkələrinin nümayəndələrini birləşdirən platformanın yaradılması xüsusilə vacibdir.
Mensanın sözlərinə görə, belə bir platforma dünyanın son dərəcə sürətlə şəhərləşən regionlarında vətəndaş cəmiyyətinin daha çox əlaqələndirilmiş səylərinə artan ehtiyacı təmin edir.
O, şəhər inkişafının qlobal gündəminin formalaşdırılmasında vətəndaş cəmiyyətinin iştirakının vacibliyini qeyd edib və məhz QHT-lərin inklüziv idarəetmənin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
Keçmiş katib əlavə edib ki, Azərbaycan platformanın lokal strukturlar və qlobal mexanizmlər arasında körpü kimi institusionallaşdırılması və uzunmüddətli inkişafı üçün yaxşı imkanlara malikdir.