Kozarev: Azərbaycan və Serbiya 2027-ci ildə yüksək səviyyəli görüşlər planlaşdırır

Xarici siyasət
  • 12 oktyabr, 2026
  • 15:30
Kozarev: Azərbaycan və Serbiya 2027-ci ildə yüksək səviyyəli görüşlər planlaşdırır

Azərbaycan və Serbiya arasında 2027-ci ildə yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Serbiya Xarici İşlər Nazirliyinin (XİN) baş katibi Duşan Kozarev agentliyə müsahibəsində bildirib.

Onun sözlərinə görə, gələn il üçün planlarda yüksək və ali səviyyələrdə qarşılıqlı səfərlər, o cümlədən nazirlərin görüşləri nəzərdə tutulur:

"Nazirlər səviyyəsində qarşılıqlı səfərlərin baş tutacağı tamamilə dəqiqdir. Biz təbii qaz sahəsində tərəfdaşlığın gücləndirilməsi kimi mühüm istiqamətlər üzrə, o cümlədən Nişdə yeni qaz elektrik stansiyasının tikintisi ilə əlaqədar əməkdaşlığı davam etdirəcəyik. Bu layihə üzrə baş saziş bu yaxınlarda imzalanıb".

D.Kozarev həmçinin bildirib ki, tərəflər xarici siyasət idarələri arasında müntəzəm siyasi məsləhətləşmələri davam etdirmək niyyətindədirlər: "Sonuncu raund Belqradda keçirilib, buna görə də növbəti görüş Bakıda baş tutmalıdır".

Qarşıdan gələn səfərlərin vaxtı barədə danışan Serbiya XİN-in baş katibi bu çərçivədə hələ ki konkret tarixlərin müəyyənləşmədiyini vurğulayıb:

"Hazırda Serbiyada seçkiqabağı dövrdür: qarşıdakı üç həftə ərzində parlament, ilin sonunadək isə prezident seçkiləri keçirilməlidir. Hesab edirəm ki, bu proseslər başa çatdıqdan sonra biz Azərbaycanla gələn il üçün ikitərəfli tədbirləri daha konkret şəkildə planlaşdıra, o cümlədən tarix və müddəti müəyyən edə biləcəyik.

Serbiya və Azərbaycan arasındakı münasibətlər seçkilərdən sonra da eyni templə inkişaf etməyə və ən yüksək səviyyədə qalmağa davam edəcək. Səfərlərin konkret tarixləri, formatları və iştirakçıların tərkibi qarşıdakı dövrdə daha da aydın olacaq".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

44 - Tezliklə