Koreya səfirliyi Azərbaycanda məcburi köçkünlərə dəstək layihələrini davam etdirir
- 24 oktyabr, 2017
- 15:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 oktyabr. REPORT.AZ/ Koreya Respublikasının Azərbaycandakı səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Azərbaycanda məcburi köçkünlərə dəstək layihələrini davam etdirməkdədir.
Səfirlikdən "Report"a verilən məlumata görə, bu gün Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində məcburi köçkünlər üçün tibb məntəqəsi və poçt binasında könüllü tibbi xidmətə start verilib. Koreya səfirliyinin təşkilatçılığı ilə Koreyanın “Jaseng Şərq Təbabəti Klinika”sının təşkil etdiyi üç həkim tərəfindən xəstələrə tibbi yardım göstəriləcək. Gün ərzində 100-ə yaxın xəstəni müainə etmək nəzərdə tutulub.
Zəngilan rayonundan olan köçkünlər degenerativ disk, stenoz, spondilistez, boyun diski, diz dejenerativ artriti, kürək (çiyin) xəstəlikləri, çənə oynağı xəstəlikləri ilə bağlı tibbi yardım ala bilərlər.
Bununla yanaşı, Masazır qəsəbəsində Samsung Engineering tərəfindən təmir olunmuş uşaq oyun avadanlıqlarının açılış mərasimi keçirilib.
Layihə çərçivəsində Masazır qəsəbəsində yerləşən 33 nömrəli orta məktəbin şagirdləri arasında “Koreya şagirdlərin gözü ilə” inşa müsabiqəsi keçirilib və qaliblərə mükafatlar verilib.
Tədbirdə Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Azərbaycan Respublikasi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov iştirak ediblər.
Qeyd edək ki, oktyabrın 25-də və 26-da Xocavənd rayonun Mərkəzi Xəstəxanasında da bu cür tibbi dəstək Xocavənd məcburi köçkünləri üçün təşkil olunacaq.