Kopenhagen görüşləri Azərbaycan Prezidentinin böyük nüfuzunun göstəricisidir - RƏY
- 04 oktyabr, 2025
- 17:23

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir və təkcə son aylarda qarşılıqlı səfərlərin dinamikliyinə, dövlət başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin say tərkibi ölkənin dünyada nüfuzunun daha da artdığını aydın şəkildə görərik.
"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O qeyd edib ki, açıq və çoxşaxəli xarici siyasət kursu həyata keçirən Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini yeni prioritetlər üzrə inkişaf etdirməklə yanaşı, yeni dostlar qazanır, əməkdaşlığın coğrafiyasını daha da genişləndirir:
"Bütün bunlar düşünülmüş və gələcəyə hesablanmış siyasətimizin uğurlarıdır. Azərbaycan hər zaman sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışları ilə diqqətdədir. Prezident İlham Əliyevin oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir".

Deputat vurğulayıb ki, qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması olan "Avropa Siyasi Birliyi"nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
"Bu çağırışların hər biri Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Hazırkı dövrdə yeni dünya nizamının formalaşdığını da nəzərə alsaq ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin, hadisələrə praqmatik yanaşmasının həm region, həm də dünya üçün nə qədər önəmli olduğunu görə bilərik".
V.Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin Zirvə toplantısı çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərdə də əsas diqqət göstərilən məsələ Azərbaycanın sülh gündəliyinin müəllifi kimi atdığı real addımlar, Vaşinqton razılaşmalarının əldə edilməsinə gedən yol, ən əsası dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi ilə regionda, dünya siyasətində yeniliklər oldu.
"Ədalətli dünyanın formalaşması bütün dövrlər üçün Azərbaycanın əsas çağırışı olub. Bu gün ölkəmizin qlobal problemlərin həllinə davamlı töhfələri də özündə mühüm məqamları ehtiva edir", - o deyib.