Konqolu fəal: Qadınlar Belçika müstəmləkəçiliyinin əsas qurbanları olublar
- 31 oktyabr, 2025
- 11:49
 
                            
                            
                        Demokratik Konqo Respublikasında qadınlar Belçikanın müstəmləkəçiliyi dövründə əhalinin ən həssas qruplarından biri olub və sistematik zorakılığa məruz qalıblar.
"Report"un məlumatına görə, bunu "Cənubi Kivuya sülh naminə" qadınlar təşkilatının üzvü, insan hüquqları müdafiəçisi Sadiki Nyabisoki Aqnes Bakıda keçirilən "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" adlı beynəlxalq konfransda bildirib.
Fəalın sözlərinə görə, bu cür beynəlxalq tədbirlər xüsusi əhəmiyyətə malikdir, çünki konqolu qadınların əzabları haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmağa imkan verir.
"Bakıda bu gün keçirilən konfrans kimi tədbirlər sayəsində biz Konqoda qadınların yaşadığı ağrı və ədalətsizlik haqqında danışa bilirik. Biz bu əzabların tanınması və müstəmləkə zorakılığının bütün qurbanları üçün ədalət uğrunda mübarizəmizi davam etdirəcəyik", - o deyib.
İnsan hüquqları müdafiəçisi çoxsaylı tarixi sübutlara və cinayət faktlarına baxmayaraq, Belçikanın hələ də Konqonun qadın əhalisində rəsmi qaydada üzr istəməməsinə görə təəssüfünü bildirib.
"Xalqımız təkcə tanınma deyil, həm də səmimi peşmanlıq gözləyir", - o vurğulayıb.