Keniya KİV: WUF13 Bakı ilə Nayrobi arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək
- 19 noyabr, 2025
- 17:18
Keniya 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü sessiyasında iştirak edəcək. Bu da iki ölkə arasında bir sıra əsas sahələrdə əməkdaşlığın genişləndirilməsinə imkan verəcək.
"Report"un verdiyi məlumata görə, bu barədə "African Gambit" nəşrinin Bakı ilə Nayrobi arasında tərəfdaşlıq münasibətlərinin inkişafına həsr olunmuş məqaləsində deyilir.
Nəşr xüsusilə rəqəmsal innovasiyalar, iqlim dəyişikliyi ilə mübarizə, ticarət və "yaşıl artım" kimi sahələri qeyd edir.
Məqalədə vurğulanır ki, WUF13 forumu şəhər siyasəti məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.
Kiambu bölgəsinin qubernatoru Uilyam Kaboqo Gitaunun sözlərinə görə, Keniya Azərbaycanla diplomatik, iqtisadi və humanitar əməkdaşlığı gücləndirir. Son birgə addımlar yüksək səviyyəli səfərləri, ilk ikitərəfli siyasi məsləhətləşmələri və Keniyanın Bakıda keçirilən COP29 iqlim konfransında iştirakını əhatə edir.
Bundan başqa, qeyd olunur ki, Keniya 2025-ci ilin dekabr ayında BMT-nin Ətraf Mühit üzrə Assambleyasının 7-ci sessiyasına (UNEA-7) ev sahibliyi etməyə hazırlaşır və Azərbaycan bu tədbirin təşkilində ölkəyə dəstək göstərəcək. Tədbir süni intellekt, idman və ətraf mühit, habelə mikrob əleyhinə preparatlara davamlılıq mövzularını əhatə edəcək. Məqalədə deyilir ki, belə əməkdaşlıq iki ölkənin ekoloji idarəetmə və texnoloji siyasətin hazırlanması məsələlərində strateji prioritetlərinin üst-üstə düşdüyünü əks etdirir.
Uilyam Kaboqo Gitau həmçinin Keniyanın davamlı inkişafa töhfə verən tərəfdaşlıqların inkişafına sadiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, Bakı və Nayrobi arasında əməkdaşlıq tərəflərin ümumi inkişaf prioritetlərini təşviq etmək və beynəlxalq əməkdaşlığı genişləndirmək səylərini nümayiş etdirir.
Məqalədə qeyd olunub ki, Azərbaycan tərəfindən humanitar və siyasi dəstək ölkələr arasında diplomatik əlaqələri möhkəmləndirir. Hər iki tərəf iqlim, texnologiya və şəhər inkişafı sahəsində ümumi problemlərin həllində əməkdaşlığa can atır.