Katrin Bomberger: Vaşinqton bəyannaməsi itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsi baxımından çox vacibdir
- 09 oktyabr, 2025
- 10:24

Vaşinqton bəyannaməsi itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsi baxımından çox vacibdir.
"Report" xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, münaqişələr zamanı bir insanın qalıqları bəzən beş müxtəlif yerdə basdırıla bilir, buna görə də şəxsiyyətin müəyyənləşdirilməsi üçün DNT analizi vacibdir:
"İtkin düşmüş şəxslərin ailələri ilə əməkdaşlıq etmək onların talelərini müəyyənləşdirmək üçün əsas şərtdir. İkinci vacib məqam qurumlararası əməkdaşlıqdır. Bu, həm yerli, həm də beynəlxalq səviyyədə həyata keçirilməlidir. Həmçinin texniki qurumlarla əməkdaşlıq vacibdir, çünki texnologiya bizə çox kömək olur. Bununla yanaşı, genetik araşdırmalar vacibdir. DNT olmasa, biz meyit qalıqlarını aşkar edə bilməzdik. Çünki bir insanın qalıqları bəzən beş müxtəlif yerdə basdırıla bilir".
K.Bomberger Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasından söz açaraq bunun həm də itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətli olduğunu bildirib:
"Birgə Bəyannamənin doqquzuncu maddəsi məhz itkin düşmüş şəxslərlə bağlı məsələni özündə ehtiva edir ki, bu da gələcək fəaliyyət üçün olduqca vacib irəliləyişdir".
Xatırladaq ki, Birgə Bəyannamənin 9-cu maddəsində qeyd edilir ki, tərəflər onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermiş itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaq.