Kamil Aydın: “Türkiyə daxildə və sərhədlərində terror bəlasından qurtarmaq üzrədir” - VİDEO

Xarici siyasət
  • 10 aprel, 2023
  • 09:18
Kamil Aydın: “Türkiyə daxildə və sərhədlərində terror bəlasından qurtarmaq üzrədir” - VİDEO

“Türkiyə Cümhuriyyəti bu gün daxildə və sərhədlərində terror bəlasından qurtarmaq üzrədir”.

Bu sözləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisində (TBMM) Ərzurumu təmsil edən MHP millət vəkili Kamil Aydın bildirib.

“Genişüfüqlü siyasətimizin memarı, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və “Cümhur İttifaqı” sayəsində ölkəmiz çox böyük inkişaf yolu keçib”, - o vurğulayıb.

K.Aydın Türkiyə Cümhuriyyətinin 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhdin qarşısını aldıqdan sonra “Cümhur İttifaqı” adı altında birləşdiyini xatırladıb:“Bu siyasət sayəsində milli və yerli istehsal inkişaf edib, terrora qarşı mübarizə gücləndirilib. Türkiyə Cümhuriyyəti bu gün daxildə və sərhədlərində terror bəlasından qurtarmaq üzrədir. Bununla həm də Türkiyənin cənub hissəsində terrorun pəncəsində qalan Suriya və İraq xalqının lehinə addım atıldı. Xüsusilə müdafiə sənayesi sahəsində yerli və milli savaş təyyarələri, gəmiləri, sualtı gəmiləri, helikopterləri, tank, top və sair sursatları ilə Türkiyə regionda bu vasitələrdən asılı olmaqdan çıxdı. Artıq “Dosta güvənən, düşmənin bağrını yaran” Türkiyə Türk Dövlətləri Təşkilatına (TDT) dəstək verən ölkə oldu. Dövlətimizin siyasi və mənəvi dəstəyi ilə Qarabağda 30 illik işğala son qoyuldu”.

Kamil Aydın: “Türkiyə daxildə və sərhədlərində terror bəlasından qurtarmaq üzrədir” - VİDEO

Millət vəkili Türkiyənin prinsipiallığı ilə Şimali Kiprdə Qapalı Maraş bölgəsinin açıldığını və hazırda TDT başda olmaqla beynəlxalq aləmdə Şimali Kipr Türk Cümhuriyyətinin mövcudluğunun qəbul olunmağa başladığını bildirib:

“Ölkəmiz islam dünyasındakı din qardaşlarımızın ümid qaynağı oldu. Türkiyə iqtisadiyyatında illərcə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu modeli tətbiq olunub. “Cümhur İttifaqı”nın güclü dəstəyi sayəsində iqtisadi azadlığa mane olan bu modeldən asılılığa son qoyulub. Türkiyə borclardan xilas oldu. Bizim üçün əlçatan olmayan yeraltı mənbələrimiz aşkarlandı. Qaradənizdə və Aralıq dənizində enerji mənbələrindəki kəşfiyyat-axtarış işləri müsbət nəticələr verdi. Türkiyədə yol-infrastruktur sahəsində geriləyən fəaliyyətlər sürətləndirildi. İkiqat yollar salındı, dəmiryolları ölkə boyu genişləndirildi. Türkiyədə 50-dən çox hava limanı inşa edildi”.

Prezident Ərdoğanın liderliyi ilə Rusiya-Ukrayna müharibəsinin başa çatmasına cəhdlərdən danışan millət vəkili deyib ki, məhz Türkiyənin fəaliyyətləri ilə qlobal dünyanın ərzaq böhranı ilə üzləşməsinin qarşısı alınıb:

“Cümhur İttifaqı” və Prezident Ərdoğanın timsalında milli və yerli hökumətin davam etməsi Türkiyə üçün nicat yoludur. Bu fəaliyyətlər prezidentimiz Ərdoğan, onun dinamik kadrları və “Cümhur İttifaqı” ilə həyata keçirildi. Biz də Milliyyətçi Hərəkat Partiyası olaraq bu uğurların fasiləsiz davam etməsi üçün qanunlar çərçivəsində siyasi dəstəyimizi heç bir zaman əsirgəmədik. Ona görə də biz deyirik ki, 14 may Prezident seçkilərində vahid namizədimiz Ərdoğandır”.