Jordi Vaker: Ekologiya və resurs axınları şəhərlərin "metabolizminin" bir hissəsidir
- 19 may, 2026
- 16:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhərlərin, regionların və resurs axınlarının qarşılıqlı əlaqəsini nəzərə alan metropoliten yanaşması olmadan müasir meqapolisləri səmərəli inkişaf etdirmək mümkün deyil.
"Report" xəbər verir ki, bu barədə "Metropolis" Assosiasiyasının (İspaniya) baş katibi Jordi Vaker WUF13 çərçivəsində Barselona Metropoliten Bəyannaməsinin qəbulunda bildirib.
Onun sözlərinə görə, metropoliten yanaşması olmadan şəhər reallığının tam mənzərəsini görmək və effektiv həll yolları hazırlamaq mümkün deyil.
Vaker qeyd edib ki, əhalisi bir milyondan çox olan müasir şəhərlər artıq çoxdandır ki, təcrid olunmuş inzibati vahidlər kimi deyil, vahid metropoliten aqlomerasiyaları kimi fəaliyyət göstərir.
"Belə ərazilər bir neçə bələdiyyəni əhatə edən və ənənəvi şəhər sərhədlərindən kənara çıxan qarşılıqlı əlaqəli sistemlərdir", - o vurğulayıb.
"Metropolis"in baş katibi həmçinin bildirib ki, şəhər idarəetmə sistemi təkcə inzibati səviyyələri deyil, həm də regionlar və hakimiyyət orqanları arasındakı üfüqi və şaquli əlaqələri nəzərə almalıdır.
O, metropoliyaların insan axınları, ekologiya, havanın keyfiyyəti, energetika və ərzaq təhlükəsizliyi ilə bağlı olan "dairəvi" ölçüsünə xüsusi diqqət ayırıb.
Onun sözlərinə görə, məhz bu amillər müasir şəhərlərin "metabolizmini" formalaşdırır və siyasi qərarlar işlənib hazırlanarkən nəzərə alınmalıdır.