İsveçrənin Cənubi Qafqaz siyasəti ciddi suallar doğurmaqdadır – RƏY

Xarici siyasət
  • 19 fevral, 2026
  • 13:24
İsveçrənin Cənubi Qafqaz siyasəti ciddi suallar doğurmaqdadır – RƏY

Uzun illərdir özünü "neytral dövlət" və "sülh platforması" kimi təqdim edən İsveçrə beynəlxalq münasibətlər sistemində vasitəçilik missiyası ilə tanınır. Lakin son illər, xüsusilə 2023-cü ildən sonra baş verən proseslər fonunda İsveçrənin Cənubi Qafqaz siyasəti ciddi suallar doğurmaqdadır.

Bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O qeyd edib ki, Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra bu ölkənin atdığı addımlar obyektiv neytrallıqdan çox, regionda yeni reallıqları qəbul etmək istəməyən dairələrin mövqeyinə yaxın görünür.

Onun sözlərinə görə, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatı ilə təsbit olunan yeni reallıq və 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Qarabağ məsələsi hüquqi və siyasi baxımdan öz həllini tapıb:

"Buna baxmayaraq, 2023-cü ildən etibarən İsveçrə parlamentində "Swiss Peace Initiative for Nagorno-Karabakh" adlı təşəbbüsün irəli sürülməsi diqqət çəkir. Bu təşəbbüs zahirən "sülh" adı altında təqdim olunsa da, mahiyyət etibarilə Azərbaycanın suverenliyi çərçivəsində artıq həll edilmiş məsələnin yenidən beynəlmiləlləşdirilməsi cəhdidir".

Deputatın fikrincə, belə yanaşma 2020-ci il razılaşması və 2023-cü ildə yaranmış yeni reallıqları faktiki olaraq inkar edir və Bakı ilə İrəvan arasında birbaşa sülh sazişinin imzalanması prosesinə əlavə maneələr yaradır.

S.Salmanova qeyd edib ki, daha narahatedici məqam isə ondan ibarətdir ki, İsveçrə parlamentində yaradılmış işçi qrupun səsləndirdiyi bəzi tezislər regionda maraqlı olan üçüncü tərəflərin, xüsusilə də Rusiya informasiya məkanında tirajlanan mövqelərlə üst-üstə düşür:

"Bu isə İsveçrənin həqiqətənmi müstəqil mövqe sərgilədiyi, yoxsa müəyyən geosiyasi təsirlər altında hərəkət etdiyi sualını aktuallaşdırır".

Deputat bildirib ki, Ermənistanda hələ də 44 günlük müharibənin nəticələri ilə barışmaq istəməyən revanşist siyasi qüvvələr mövcuddur:

"Onların əsas tezisi "status" məsələsinin gündəmə qaytarılması və prosesin yenidən beynəlxalq müstəviyə daşınmasıdır. İsveçrədə irəli sürülən təşəbbüslər və bəzi siyasi dairələrin ritorikası məhz bu revanşist qrupların arqumentlərini gücləndirir. Nəticədə, Ermənistan cəmiyyətində sülh gündəliyinin möhkəmlənməsi əvəzinə, qeyri-real gözləntilər formalaşır. Bu isə regionda uzunmüddətli sabitliyin təmin olunmasına deyil, əksinə, yeni gərginlik risklərinin artmasına xidmət edir".

S.Salmanova qeyd edib ki, son illər İsveçrənin bəzi anti-Azərbaycan dairələr üçün əlverişli platformaya çevrilməsi də təsadüfi deyil:

"Emin Hüseynov işi bunun bariz nümunəsidir. O dövrdə İsveçrənin xarici işlər naziri olmuş Didier Burkhalter tərəfindən Emin Hüseynovun Azərbaycandan çıxarılması və hətta onun vergi borclarının ödənilməsi İsveçrənin "bitərəf hüquq dövləti" iddialarını ciddi şəkildə şübhə altına almışdı. Maraqlıdır ki, 2017-ci ildən sonra aktiv siyasətdən uzaqlaşmış Burkhalter daha əvvəl ATƏT sədri olduğu dövrdə də işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında heç bir fərq qoymayan mövqe nümayiş etdirmişdi. Bu isə vasitəçi mandatının ruhuna tamamilə zidd idi".

Deputatın fikrincə, bu gün İsveçrədən Azərbaycana qarşı yönəlmiş reportajların hazırlanması, hətta Burkhalterin evinin qarşısında siyasi "stəndap" xarakterli materialların çəkilməsi artıq təsadüfi jurnalistika yox, koordinasiyalı siyasi kampaniya təsiri bağışlayır.

"Nəticə etibarilə, İsveçrənin son addımları onun elan etdiyi neytrallıq statusu ilə ziddiyyət təşkil edir və regionda sülhə deyil, qeyri-müəyyənliyə xidmət edir. Azərbaycan isə öz suverenliyini, ərazi bütövlüyünü və post-münaqişə dövründə formalaşmış reallıqları qətiyyətlə müdafiə etməkdə davam edəcək. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət "sülh" adı altında aparılan ikili standartları artıq açıq şəkildə görməli və qiymətləndirməlidir", - deputat əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti