İstanbulda TÜRKPA üzvlərinin ATƏT-dəki nümayəndələrinin ilk koordinasiya iclası keçirilib

Xarici siyasət
  • 17 noyabr, 2025
  • 17:23
İstanbulda TÜRKPA üzvlərinin ATƏT-dəki nümayəndələrinin ilk koordinasiya iclası keçirilib

TÜRKPA-nın koordinatorluğu ilə ATƏT PA-nın İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində ilk dəfə olaraq ATƏT-dəki nümayəndə heyətlərinin koordinasiya iclası keçirilib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri və üzvləri, eləcə də TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələri iştirak ediblər.

İclasda ortaq əməkdaşlığın gücləndirilməsi, ATƏT PA və digər beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara xidmət edən birgə fəaliyyət mexanizminin və yol xəritəsinin hazırlanması, habelə TÜRKPA Beynəlxalq Katibliyinin 2008-ci ildə imzalanmış qurucu İstanbul Sazişinin müvafiq müddəalarına əsasən bu koordinasiya prosesində hərtərəfli iştirak etməsi və tərəflər arasında onlayn və oflayn əlaqələrin lazımi səviyyədə təmin edilməsi kimi mühüm məsələlər müzakirə edilib.

Bundan başqa, TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu alması ilə bağlı Qazaxıstan tərəfinin irəli sürdüyü təklif bütün iştirakçılar tərəfindən dəstəklənib və bu istiqamətdə konkret addımların atılması barədə ortaq mövqe ifadə edilib.

TÜRKPA-nın Baş katibi Ramil Həsən çıxışında bu istiqamətdə TÜRKPA Beynəlxalq Katibliyinin üzərinə düşəcək bütün vəzifələri məsuliyyətlə icra edəcəyini bildirirərək üzv ölkələrin parlament sədrlərinə və nümayəndə heyətlərinə proses haqqında ətraflı məlumat veriləcəyini qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti