İstanbulda Azərbaycanın şanlı Zəfərinin ildönümü münasibətilə tədbir keçirilib
- 02 noyabr, 2021
- 19:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin bir çox bölgəsində olduğu kimi, İstanbulda da Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bu çərçivədə növbəti tədbir İstanbulda baş tutub.
"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) tərəfindən təşkil olunub.
Mərasimdə Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldaki baş konsulu Nərminə Mustafayeva, İstanbul Sənaye Palatasının sədri Erdal Bahçivan, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri (TÜRKSAM) Sinan Oğan, qardaş ölkədə fəaliyyət göstərən həmvətənlərimiz, ictimaiyyət nümayəndələri, konsulluğun və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən TAİB-in rəhbəri Nəslihan Tombul Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərinİ bütün türk dünyasının qələbəsi olaraq qiymətləndirib.
Qeyd edilib ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının əsas məqsədi iki qardaş ölkə arasında körpü rolunu oynamaq, sosial, ticarət, mədəniyyət, və iqtisadi bağların daha da güclənməsi, birlik üzvlərinə yeni ticarət imkanlar yaratmaq, iki ölkə arasında iş həcminin artırılması kimi bir çox sahələri əhatə edir.
2020-ci ilin Türkiyə-Azərbaycan münasibətləri baxımından tarixi bir il olduğu, Qarabağın işğaldan azad edilməsi ilə bu münasibətlərin daha mənalı və dərin ölçüyə çatdığı xüsusi vurğulanıb.
Çıxışında bütün sahələr üzrə hər gün bir az daha sıxlaşan Azərbaycan-Türkiyə münasibətlərinin bütün qardaş ölkələr üçün nümunə olduğunu vurğulayan səfir Rəşad Məmmədov deyib ki, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələr sadəcə gəlir əldə etmək üçün deyil, eyni zamanda qardaş ölkənin infrastrukturu başda olmaqla, bir sıra sahələrin də inkişafına yönəldilib. Bunu iki ölkə arasındaki əsrlərə dayanan qardaşlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirən Rəşad Məmmədov eyni münasibətin Türkiyə tərəfindən də nümayiş etdirildiyini, işğaldan azad edilən ərazilərimizdə dövlətimiz tərəfindən aparılan bərpa-yenidənqurma işlərində də qardaş ölkənin yaxından iştirak etdiyini bildirib.
Səfir Türkiyə və Azərbaycan şirkətlərinin qarşılıqlı fəaliyyətini istiqamətləndirmək məqsədilə məlumat bazasının yaradılacağını və ATİB-in bu məlumatların şirkətlərlə paylaşılmasıbda yaxından iştirak edəcəyini bildirib.
Tədbirdə Şamil Ayrım Azərbaycanın Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib.