İstanbulda Azərbaycan-Türkiyə gənclərinin "Zəfərin 5 ili" forumu keçirilib

Xarici siyasət
  • 07 noyabr, 2025
  • 10:51
İstanbulda Azərbaycan-Türkiyə gənclərinin Zəfərin 5 ili forumu keçirilib

İstanbulda Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə noyabrın 6-da Azərbaycan-Türkiyə gənclərinin "Zəfərin 5 ili" forumu baş tutub.

"Report" xəbər verir ki, məqsəd Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfəri gənclər arasında təbliğ etmək, qalibiyyət və qürur hissini bir daha yaşatmaqdır.

Bundan başqa, zəfərin bütövlükdə Türk dünyası üçün siyasi və mənəvi əhəmiyyətini hər iki ölkə gənclərinin diqqətinə çatdırmaq, eyni zamanda, Azərbaycan və Türkiyə gəncləri arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirərək iki ölkə arasında strateji əməkdaşlığı gənclər müstəvisində daha da dərinləşdirməkdir.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və TÜGVA-nın sədri İbrahim Beşinci tarixi Zəfərin təkcə Azərbaycan xalqını deyil, bütün türk dünyasını qürurlandırğını qeyd edib, azad edilmiş ərazilərin bərpası və inkişafı prosesində gənclərin fəallığı, təşəbbüskarlığı və qardaşlıq ruhunun mühüm rol oynadığını söyləyiblər.

Tərəflər həmçinin Azərbaycan və Türkiyə gəncləri arasında formalaşmış sarsılmaz dostluq və strateji tərəfdaşlıq münasibətlərinin Qarabağda həyata keçirilən layihələrə mühüm töhfə verdiyini və gənclərin birgə fəaliyyətinin yalnız bölgənin dirçəlişinə deyil, həm də iki ölkə arasında birlik və həmrəyliyin daha da güclənməsinə xidmət etdiyini vurğulayıblar.

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Qəzənfər Ağayev və Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyevin çıxışları dinlənilib. Onlar Azərbaycan suverenliyinin bərpası uğrundakı döyüş ruhundan, Zəfərin mahiyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər.

Sonda gənc xanəndə Yusif Cəfərbəyli müxtəlif mahnılar ifa edib. Eyni zamanda, Vətən müharibəsindəki qələbəyə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın mübarizə əzmi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri öz əksini tapıb.

Son xəbərlər

Bütün Xəbər Lenti