İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir

Xarici siyasət
  • 01 oktyabr, 2026
  • 12:10
İsrailin Elbit Systems şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir

İsrailin ən böyük özəl müdafiə konserni olan "Elbit Systems" yerli tərəfdaşlarla birlikdə öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir.

Bu barədə "Report"a "Elbit Systems"in baş vitse-prezidenti, regional biznesin inkişafı istiqamətinin rəhbəri Miki Levin Bakıda keçirilən "ADEX-2026" sərgisi çərçivəsində bildirib.

Onun sözlərinə görə, şirkət Azərbaycanla sıx əməkdaşlıq edir və qarşılıqlı əlaqələrin gələcəkdə daha da genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

M.Levin qeyd edib ki, Azərbaycanla münasibətlər artıq yalnız işgüzar əməkdaşlıq çərçivəsindən kənara çıxıb: "Azərbaycan bizim ən yaxın sifarişçimiz, bu gün isə həm də dostumuzdur. Buna görə də əməkdaşlıq istiqamətləri daim genişlənir".

Levin Azərbaycandakı tərəfdaşlarla birgə "Elbit Systems" məhsullarının istehsalının lokallaşdırılmasını əməkdaşlığın əsas istiqamətlərindən biri adlandırıb. Məhsulların daxili bazar, region və digər ölkələr üçün nəzərdə tutulacağı gözlənilir.

Şirkət, həmçinin Azərbaycan ordusunun rəqəmsallaşdırılmasını əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirir. Levinin sözlərinə görə, tərəflər bu işə başlamaq üzrədirlər.

Digər perspektivli istiqamətlər arasında o, raket artilleriyasını və onun istehsalının lokallaşdırılmasını xüsusi qeyd edib.