İsrael Baruk: Azərbaycan və Ermənistan uzunmüddətli münaqişələrə alternativ nümayiş etdirir

Xarici siyasət
  • 08 oktyabr, 2026
  • 17:45
İsrael Baruk: Azərbaycan və Ermənistan uzunmüddətli münaqişələrə alternativ nümayiş etdirir

Cənubi Qafqazda davam edən sülh prosesi tanınmağa, dəstəyə və müdafiəyə layiqdir: Azərbaycan və Ermənistan arasında yaxınlaşma göstərir ki, hətta əbədi görünən münaqişələr belə yerini əməkdaşlığa verə bilər.

"Report" xəbər verir ki, bu fikri amerikalı ravvin İsrael Baruk "Jewish Journal" nəşri üçün yazdığı məqaləsində bildirib.

Onun sözlərinə görə, üç onillikdən çox müddət ərzində Ermənistan və Azərbaycan demək olar ki, dəyişməz bir reallıq kimi qəbul edilən münaqişə vəziyyətində qalırdı:

"Sərhədlər getdikcə daha keçilməz olurdu, nəsillər bir-birində ilk növbədə düşmən görərək böyüyürdü. Yeni bir müharibə isə barışıqdan daha ehtimal olunan görünürdü. Lakin indi, Vaşinqtondakı tarixi irəliləyişdən bir il sonra əldə edilmiş razılaşmaların diplomatik bir vəddən daha böyük bir şeyə çevrildiyinə dair getdikcə daha çox sübut ortaya çıxır".

İ. Baruk xatırladıb ki, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə ABŞ lideri Donald Trampla görüşüblər:

"İki ölkənin xarici işlər nazirləri sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi paraflayıb, liderlər isə normallaşmaya, əlaqələrin inkişafına və iqtisadi əməkdaşlığa yol açmaq məqsədi daşıyan birgə bəyannamə imzalayıblar. Bir il sonra Azərbaycan-Ermənistan sərhədində sabitlik qorunur, iki ölkənin hökumətləri isə münasibətlərin normallaşmasına, sərhədin delimitasiyasına və etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar atmağa davam edir".

Müəllif bu prosesin ən əhəmiyyətli elementlərindən biri kimi "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"nu (TRIPP) göstərib.

İ. Baruk vurğulayıb ki, potensial layihələr yalnız bir yolun tikintisi ilə məhdudlaşmır: "Kağız üzərində yazılanlar infrastrukturda təcəssüm tapdıqda sülh daha böyük güc qazanır".

O bildirib ki, Azərbaycan artıq bu cür nəqliyyat və enerji əlaqələrinin əhəmiyyətini nümayiş etdirib. Təqribən 3500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi Xəzər dənizindəki Azərbaycan yataqlarından təbii qazın Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini təmin edir.

İ. Barukun sözlərinə görə, Azərbaycan qazı Avropanın enerji təchizatını şaxələndirmək və Rusiyadan asılılığı azaltmaq səylərində getdikcə daha vacib rol oynayır: "Orta Dəhliz kimi də tanınan və formalaşmaqda olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu eyni şəkildə Mərkəzi Asiya və Xəzər regionunu Avropa ilə birləşdirən "Şərq-Qərb" ticarət yolunu gücləndirə bilər".

Müəllif həmçinin regional əlaqələrin genişləndirilməsinin praktiki nəticələrini də nümunə çəkib. Onun məlumatına görə, ötən ilin oktyabrında Azərbaycan birtərəfli qaydada tranzit məhdudiyyətlərini ləğv etdikdən sonra, onun ərazisindən Ermənistana 65 min tondan çox mal daşınıb. Bundan əlavə, ölkə Ermənistana təxminən 20 min ton benzin və dizel yanacağı ixrac edib.

Bundan əlavə, müəllif baş verən proseslərin İsrail üçün əhəmiyyətini xüsusi olaraq qeyd edib. O xatırladıb ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan və yəhudi icmasının təhlükəsizlik şəraitdə yaşadığı bir ölkədir. Onun fikrincə, bu nümunə diqqətə layiqdir.

Müəllif vurğulayıb ki, layihələrin həyata keçirilməsi illər çəkəcək, infrastruktur isə nəsillər boyu davam edən münaqişənin nəticələrini silə bilməyəcək: "Lakin tarix bizə müharibəyə alışmamağı o qədər öyrətməlidir ki, irəliləyiş ortaya çıxdıqda onun fərqinə varaq".

Onun fikrincə, dünyanın böyük bir hissəsinin genişlənən münaqişələrlə əhatə olunduğu bir dövrdə Azərbaycan və Ermənistan alternativ təklif edir: keçmiş rəqiblər qarşıdurma coğrafiyasını əlaqələr coğrafiyası ilə əvəz etməyə çalışırlar.

"İsrail və əbədi görünən münaqişələrin mütləq olaraq belə qalmaq məcburiyyətində olmadığına inanan hər kəs üçün Cənubi Qafqazda baş verənlər tanınmağa, dəstəyə və müdafiəyə layiqdir", - müəllif vurğulayıb.