İslamabadda Azərbaycan-Pakistan münasibətləri və Zəfər Gününə həsr olunan konfrans keçirilib
- 06 noyabr, 2025
- 17:23
İslamabaddakı Pakistan Milli Kitabxanasında Zəfərin beşinci ildönümünə həsr olunan "Azərbaycan-Pakistan Qardaşlığı: Zəfərin 5-ci ildönümü qeyd olunur" mövzusunda konfrans təşkil olunub.
Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir səfirliyin dəstəyi və bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslüm İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Diplomatların, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətlərinin, alimlərin, ictimaiyyət və media nümayəndələrinin iştirak etdikləri tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "Qurani-Kərim"dən dualar oxunub, Azərbaycan xalqına davamlı sülh, inkişaf və əmin-amanlıq arzulanıb. Sonra Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib.
Konfransda məruzəçilər öz çıxışlarında 44 günlük Vətən müharibəsinin tarixi və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarından danışaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni işğalına son qoyduğunu, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini, bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üçrəngli bayrağının qürurla dalğalandığı qeyd ediblər.
Həmçinin hazırda həmin ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də "Böyük Qayıdış" proqramı barədə geniş məlumat verilib. Natiqlər istər işğal dövründə, istərsə də işğaldan sonra Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq nümayiş etdirilən bu mövqenin iki ölkə arasında qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğuni önə çəkiblər.
Tədbirin sonunda xatirə fotosu çəkilib.