İlham Əliyev: Azərbaycan öz tarixi irsini qayğı ilə qoruyur
- 18 may, 2026
- 12:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan öz tarixi irsini qayğı ilə qoruyur və onu gələcək nəsillərə ötürməyə çalışır.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev WUF13-ün rəsmi açılış mərasimində bəyan edib.
"Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, eləcə də müasir üslubda şəhərsalmanın inkişafı baxımından göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq", - İlham Əliyev bəyan edib.
O vurğulayıb ki, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz memarlığı ilə qürur duya bilər:
"Onlardan yalnız bir neçəsinin adını çəkəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı, XIV əsrin dahi Azərbaycan şairi Nəsiminin vətəni olan Şamaxı 743-cü ildə inşa edilmiş, dünyanın ən qədim məscidlərindən birinə sahibdir. Atabəylər dövlətinin keçmiş paytaxtı, dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin vətəni olan Naxçıvan onun tərəfindən yaradılmış XII əsrə aid edilən Möminə xatun türbəsini qoruyub saxlayır. Dünyanın ən qədim şəhərlərindən biri, XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni olan Gəncə bu gün öz tarixi görünüşünü qoruyub saxlamaqla eynilə Bakı kimi inkişaf edir. Qafqaz Albaniyası dövlətinin paytaxtı və əsas şəhərlərindən biri olan Qəbələ və Şəki çoxsaylı tarixi abidələrə malikdir, Şəki yaxınlığındakı Kiş kəndində yerləşən kilsə isə ehtimal ki, dünyanın ən qədim kilsələrindən biridir".
Prezident çıxışını davam etdirərək, nümunə kimi Lahıc kəndini də misal çəkib: "Əcdadlarımızın istedadının daha bir nümunəsi Lahıc kəndidir. On beş əsr əvvəl, kəndin əsası qoyulanda onun sakinləri bu günə qədər fəaliyyət göstərən kanalizasiya sistemi və su kəməri inşa etmişdilər. Təxminən 30 il işğal altında qalmış Qarabağın incisi – Şuşa bu gün demək olar ki, sıfırdan bərpa edilir, onun dağıdılmış qalası isə artıq restavrasiya olunub".
Tarixi irs mövzusunu yekunlaşdıran İlham Əliyev vurğulayıb: "Qeyd etdiyim hər şey və əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı – bütün bu abidələr nəinki əcdadlarımız tərəfindən tikilib, hücumları, dağıntıları geridə qoyaraq müxtəlif azərbaycanlı nəsillərinin səyləri ilə bərpa edilib, onlar həm də bu gün qorunub saxlanılır. Və hər kəs onları görə, içərisinə daxil ola, toxuna bilər. Düşünürəm ki, bu, bizim tarixi irsimizə və keçmişimizə olan münasibətimizin ən yaxşı sübutudur. Biz bununla fəxr edirik, təkcə musiqi və poeziyada deyil, həm də memarlıqda öz əksini tapmış qədim tariximizlə qürur duyuruq".
Prezident vurğulayıb ki, indiki nəslin borcu bu irsi gələcək nəsillər üçün qoruyub saxlamaqdır: "Və mən əminəm ki, növbəti nəsillər də belə edəcəklər".