İlham Əliyev: "907-ci düzəliş"i ermənipərəst senatorlar irəli sürmüşdü

Xarici siyasət
  • 13 iyul, 2026
  • 09:41
İlham Əliyev: 907-ci düzəlişi ermənipərəst senatorlar irəli sürmüşdü

"907-ci düzəliş" ABŞ Konqresi tərəfindən ədalətsiz bir addım idi, bu, ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Bayden də (ABŞ-nin eks prezidenti - red.) məhz onlardan biri olub, buna görə də Azərbaycan Bayden administrasiyası zamanı çətinliklərlə üzləşib:

"Bu səbəbdən Azərbaycan ABŞ-nin maliyyə yardımından məhrum edilmişdi. Təəssürat belə yaradılmışdı ki, Azərbaycan Ermənistana qarşı blokada yaradırdı, bu isə həqiqətə uyğun deyildi".

İlham Əliyev əlavə edib ki, bu gün "907-ci düzəliş" tamamilə köhnəlib:

"Birincisi, Azərbaycan və Ermənistan Prezident Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. Başqa tərəfdən, Azərbaycan birtərəfli olaraq Ermənistana olan məhdudiyyətləri tam aradan qaldırıb, 40 min tondan artıq müxtəlif yüklər Ermənistana Rusiya, Qazaxıstan və digər yerlərdən daşınıb. Həmçinin Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, bu rəqəm artıq 10 min tondan artıqdır".

Dövlət başçısı bir daha vurğulayıb ki, "907-ci düzəliş" tamamilə aradan qaldırılmalı və ləğv edilməlidir:

"Əfsuslar olsun ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, hələ ki qüvvədə qalır. ABŞ Konqresi bunu nə qədər tez ləğv edərsə, bu həm hamı, həm də Azərbaycan üçün faydalı olacaq, çünki belə olan halda ayrı-seçkilik aradan qalxacaq və Konqres öz məsuliyyətini və bacarığını nümayiş etdirəcək. Bu da o demək olacaq ki, onlar öz səhvlərini etiraf edirlər və cari geosiyasi vəziyyətə uyğun addım atırlar. Beləliklə, biz ümid edirik ki, bu baş verəcək".

44 - Tezliklə