İlham Əliyev: "3+3" formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalıdır

Xarici siyasət
  • 13 iyul, 2026
  • 11:11
İlham Əliyev: 3+3 formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalıdır

Cənubi Qafqazda "3+3" formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalı və növbəti "Minsk qrupu"na çevrilməməlidir.

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu formatı tam nizamlanmanın əldə olunmasına və ölkənin suverenliyinin yekun bərpasına yönəlmiş postmünaqişə qarşılıqlı fəaliyyət mexanizmi kimi təklif edib: "Biz bu təşəbbüslə çıxış etdiyimiz vaxtda Qarabağın bir hissəsi hələ də işğal altında idi".

O qeyd edib ki, hadisələr inkişaf etdikcə və həm Cənubi Qafqaz ölkələri arasında, həm də xarici dövlətlərlə ittifaqlar sistemi dəyişdikcə, Azərbaycan tərəfindən bu əməkdaşlıq formatının qiymətləndirilməsi də dəyişib:

"Bu gün, hazırkı mərhələdə bunun tamdəyərli altıtərəfli əməkdaşlıq olması vacibdir. Gürcüstan qoşulana qədər ən azı beştərəfli, lakin çox aydın bir gündəliklə. Bu mexanizmin yalnız Azərbaycan-Ermənistan problemləri ilə məşğul olacaq növbəti Minsk qrupuna çevrilməməsi vacibdir".

Prezident formatın "bərabərhüquqluluq əsasında" bütün regionun, o cümlədən Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycanın məsələlərini əhatə etməli olduğunu vurğulayıb.

O qeyd edib ki, məhz belə bir konsepsiyanı Azərbaycan bu gün əsas kimi nəzərdən keçirir: "Əgər bənzər yanaşma digər paytaxtlarda da qəbul edilərsə, düşünürəm ki, ən azı xarici işlər nazirləri səviyyəsində beştərəfli görüşün keçirilməsinə tələbat olacaq".

44 - Tezliklə