İcraçı direktor: Regionda beynəlxalq şirkətlərə ən müasir obyektlər və xidmətlər təqdim olunur
- 09 sentyabr, 2025
- 15:13

Regionda beynəlxalq şirkətlərə, o cümlədən ABŞ şirkətlərinə ən müasir obyektlər və xidmətlər təqdim olunur.
"Report" xəbər verir ki, bunu ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına dair brifinqində deyib.
O qeyd esib ki, Orta Dəhliz daha mürəkkəb və çoxşaxəli boru kəmərləri və istehsal obyektləri şəbəkəsidir:
"Orta Dəhliz daha mürəkkəb, daha geniş bir anlayışdır. Hətta ‘dəhliz" ifadəsi belə bu marşrutun ümumi dəyərini kiçildə bilər. Bu gün Orta Dəhliz boru kəmərlərini, istehsal obyektlərini əhatə edən, gələcəkdə isə fiber-optik kabellərdən ibarət daha mürəkkəb və genişlənmiş şəbəkədir. Dəhlizin bütün seqmentlərində proseslərin harmonizasiyası üçün hər gün zəruri işlər görülür".
O əlavə edib ki, 10 il əvvəlki dövrlə müqayisə edilsə, bu gün regionda tamamilə fərqli vəziyyət yaranıb:
"Regionda beynəlxalq şirkətlərə, o cümlədən ABŞ şirkətlərinə ən müasir obyektlər və xidmətlər təqdim olunur. Xüsusilə, Amerika şirkətləri tərəfindən regiona artan marağı görürük. Əlbəttə, bura çoxprofilli regiondur. Bütün ölkələrlə eyni vaxtda işləmək asan deyil.
Amma hökumət rəsmiləri ilə söhbətlərimizdən belə təəssürat yarandı ki, onlar bu proseslərin harmonizasiyasının vacibliyini anlayırlar. Bütün bu ölkələr başa düşürlər ki, prosedurların sadələşdirilməsi şirkətlərin asanlıqla bazara daxil olub burada möhkəmlənməsinə xidmət edəcək".