İcraçı direktor: ABŞ missiyasının səfərinin səbəbi Orta Dəhlizdə imkanları müəyyən etməkdir
- 09 sentyabr, 2025
- 14:19

ABŞ ticarət missiyasının regiona səfərinin səbəbi Orta Dəhlizdə hələ də tam istifadə olunmamış imkanları göstərməkdir.
"Report" xəbər verir ki, bunu ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına dair brifinqində deyib.
O qeyd edib ki, Aktauda Orta Dəhlizlə bağlı çox böyük inkişafın şahidi olublar:
"Ticarət missiyası ABŞ hökuməti, konkret olaraq ABŞ Ticarət Nazirliyi tərəfindən dəstəklənir. Bizim regiona səfərimizin səbəbi Orta Dəhlizdə hələ də tam istifadə olunmamış imkanları göstərməkdir. Qazaxıstandan başlayaraq Azərbaycan üzərindən keçməklə Gürcüstanda yekunlaşan marşrutumuz var".
O diqqətə çatdırıb ki, son illərdə Avrasiya geosiyasi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib:
"Orta Dəhliz də eyni ilə. Biz Qazaxıstanda, Aktau şəhərində olduq və orada necə böyük inkişafın getdiyini gördük. Orada bizə şəhərin və limanın gələcək inkişafı barədə məlumat verdilər. Oradan isə biz bərəyə mindik, Aktau şəhərindən Xəzər dənizinə qədər yol qət etdik və mən sevinərək, azərbaycanlı kimi fəxrlə qeyd etmək istəyirəm ki, istifadə etdiyimiz bərələr Azərbaycan istehsalıdır, Bakı Gəmiqayırma Zavodunda hazırlanıb. İnanıram ki, bütün həmkarlarımız bundan zövq aldılar".
N.Baxışov bildirib ki, Qazaxıstandan Azərbaycana gələrkən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yük axınının necə dəyişdiyinin şahidi olublar:
"Biz liman rəhbərliyini dinlədik, onlar bizə gələcək inkişaf layihələrini və limanın Azərbaycanın gələcəyi, həm də daha geniş regional miqyasda perspektivləri barədə məlumat verdilər. Bakıda iqtisadiyyat, nəqliyyat və rəqəmsal inkişaf nazirlikləri ilə çox məhsuldar görüşlərimiz oldu. Xarici işlər naziri ilə də görüşdük. Son dərəcə faydalı, çox məhsuldar görüşlərimiz oldu. Bu gün isə Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdük. Qısası, bütün bu görüşlər, təmaslar missiya üzvlərinə bu regionda real vəziyyət, gedən proseslər və mövcud imkanlar barədə ümumi baxış və dərin bilik qazandırdı".
N.Baxışov buradan Gürcüstana yollanacaqlarını deyib:
"Bir qədər çətin yol olsa da, biz quru nəqliyyatı ilə hərəkət edəcəyik ki, magistral yolların vəziyyətini görək, Orta Dəhlizin bu kritik hissəsində quru nəqliyyatı təcrübəsini özümüz yaşayaq. Ümid edirik ki, orada gömrük prosedurlarını da görə biləcəyik. Bundan sonra isə, təbii ki, Gürcüstanlı həmkarlarımız missiyanı davam etdirəcəklər. Missiyanı sentyabrın 12-də yekunlaşdırmağı planlaşdırırıq Və əlbəttə, gələcəkdə daha geniş əməkdaşlıqları səbirsizliklə gözləyirik".