Vəkil: "Azərbaycanın separatçılarla bağlı məhkəmə təşkil etmək imkanları var"

Xarici siyasət
  • 11 oktyabr, 2023
  • 07:51
Vəkil: Azərbaycanın separatçılarla bağlı məhkəmə təşkil etmək imkanları var

"Azərbaycanın separatçılarla bağlı məhkəmə təşkil etmək imkanları var".

Bu fikirləri “Report”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra diversiya qrupunun üzvlərinin həbs edilməsi, onlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi məsələsində uğurlu nümunə ortaya qoyub: “Bu baxımdan, Qarabağdakı keçmiş qondarma rejimin həbs olunan üzvləri ilə bağlı beynəlxalq məhkəmə təşkil etməyə lüzum yoxdur. Azərbaycanın xarici jurnalistlər, ictimai fəallar, insan hüquqları üzrə müvəkkillərin iştirakı ilə məhkəmə təşkil etmək imkanları var”.

Vəkil bildirib ki, saxlanılan cinayətkar ünsürlərin Azərbaycan qanunları ilə məsuliyyətə cəlb edilməsinə mane ola biləcək heç bir səbəb yoxdur: “Bu günədək maneə onların məsuliyyətə cəlb olunmamaları idi. Hazırda isə bu problem də aradan qalxıb. Onlarla bağlı beynəlxalq məhkəməyə iki faktora görə ehtiyac yoxdur. Birinci faktor ondan ibarətdir ki, Azərbaycan dövləti Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və özü separatçılarla bağlı məhkəmə təşkil edəcək iqtidardadır. Yəni beynəlxalq ictimaiyyətin gözü qarşısında təşkil edəcəyimiz məhkəmələrimiz var və Azərbaycan bu istiqamətdə öz addımlarını atacaq. İkinci faktor bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsidir.

Əgər beynəlxalq aləmdə Azərbaycana qarşı əsassız ittihamlar görürüksə, onlara necə güvənə bilərik? Məsələn, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə cinayətkar ünsürləri müdafiə edən mövqe ortaya qoyulub. Dünyada ayrı-ayrı bu kimi hadisələrə, məsələn, Nürnberq, keçmiş Yuqoslaviya, Tokio hərbi tribunalları zamanı eyni cinayətləri törətmiş şəxslərə münasibətdə səfərbər olmuş tərəflər bu gün Azərbaycan xalqının qanına əli batmış cinayətkar ünsürlərin müdafiəsinə qalxıblar. Əlbəttə, Azərbaycan belə olan halda onlara etimad edə bilməz".

X.Bəşirov vurğulayıb ki, Azərbaycanın həmin cinayətkarlarla bağlı məhkəmə təşkil etmək üçün əlində yetərli sübut və dəlillər var: "Biz həmin ədalət mühakiməsi prosesini beynəlxalq ictimaiyyətin gözü qarşısında həyata keçirəcəyik. Təbii ki, buna qərarı Azərbaycan dövləti verəcək. Belə bir məhkəmə təşkil etmək üçün qarşımızda heç bir maneə yoxdur. Ona görə də Azərbaycan yenidən çox nümunəvi bir məhkəmə prosesi ortaya qoyacaq.