Hindistanın Beynəlxalq Əlaqələr üzrə Şurası 2026-cı ildə AQEM-in Beyin Mərkəzləri Forumuna rəhbərlik edəcək
- 10 sentyabr, 2025
- 12:15

Hindistanın Beynəlxalq Əlaqələr üzrə Şurası 2026-cı ildə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (AQEM) Beyin Mərkəzləri Forumuna rəhbərlik edəcək.
"Report"un məlumatına görə, bu barədə AQEM-in baş katibi Kayrat Sarıbay Bakıda keçirilən forumun 13-cü sessiyasının bağlanış mərasimində bildirib.
O qeyd edib ki, Hindistanın təcrübəsi forumun inkişafına əhəmiyyətli töhfə və onun gələcək inkişafına istiqamət verəcək.
K.Sarıbay şuraya hazırkı sədrliyin dəstəyi ilə forumun növbəti il üçün fəaliyyət planının hazırlanmasına başlamağı təklif edib. Onun sözlərinə görə, sənəd dekabrda təsdiq üçün Yüksək Vəzifəli Şəxslər Komitəsinə təqdim edilməlidir.
O, həmçinin əlavə edib ki, forumun gələcək sessiyaları Astanada keçirilə bilər: "Lakin məkan barədə yekun qərar hələ qəbul edilməyib".