Gürcüstanın səhiyyə naziri: Azərbaycanı ən yaxşı vəziyyətdə görmək bizim üçün böyük qürurdur
- 01 oktyabr, 2025
- 21:12

Ermənistan-Azərbaycan sülh prosesində iştirak edən bütün tərəflərə minnətdarıq.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze deyib.
Nazir Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh müqaviləsinin ölkəsində böyük sevinclə qarşılandığını bildirib:
"Azərbaycana və ümumilikdə bölgəyə sülhün gəlməsi olduqca böyük əhəmiyyət kəsb edir. Bu, bütün region üçün həyati dərəcədə vacibdir. Dostumuz Azərbaycanı ən yaxşı vəziyyətdə görmək bizim üçün böyük qürurdur və bütün dəstəyimiz Azərbaycanadır. Dost ölkə olmaq, yaxşı və intensiv əməkdaşlıq qurmaq çox böyük əhəmiyyət daşıyır – bu, bizim xalqlarımıza özümüzü daha da inkişaf etdirmək, uğurlu ölkələrə çevrilmək üçün daha çox imkanlar vermək deməkdir. Bu, ədalət məsələsidir və millətlərimiz üçün böyük önəm daşıyan məsələdir. Azərbaycan ərazi bütövlüyünə qovuşdu, məcburi köçkünlər öz doğma evlərinə döndü. Bu uğurları ölkəmizdən böyük sevinclə izləyirik".
M.Sarcveladze Azərbaycanla Gürcüstan arasında tarixən əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb:
"Təkcə dövlət səviyyəsində deyil, kommersiya qurumlarında və digər sahələrdə də gözəl əməkdaşlığımız mövcuddur. Əlbəttə, inkişaf üçün imkanlar var. Bu cür münasibətlər daha da intensivləşdirilə, daha məhsuldar və səmərəli edilə bilər. Biz də azərbaycanlı həmkarlarımızla birlikdə bu münasibətləri daha məhsuldar etmək üçün ciddi çalışırıq. Ən başlıcası, ölkəni iqtisadi baxımdan inkişaf etdirmək olduqca vacibdir. Bundan sonra Azərbaycanın əldə etdiyi uğurlar, imzalanan müqavilələr, təşəbbüslər problemlərin dinc yolla həllinə, inkişafın təmin olunmasına, iqtisadi, səhiyyə və digər məsələlərdə birgə səylərə yönələrək yaxın gələcəkdə öz bəhrəsini verəcək".