GUAM-ın fəaliyyətinin gücləndirilməsi müzakirə olunub

Xarici siyasət
  • 07 fevral, 2022
  • 13:46
GUAM-ın fəaliyyətinin gücləndirilməsi müzakirə olunub

Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Andriy Sibiqa Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Tərəflər təşkilatın cari fəaliyyətini, onun yaxın gələcək üçün əsas prioritetlərini, eləcə də GUAM-ın paytaxt Kiyevdə yerləşən mənzil-qərargahının işini müzakirə ediblər.

Andriy Sibiqa qeyd edib ki, bu il 25 illiyini qeyd edəcək GUAM üçün xüsusi ildir: “Biz GUAM-ın fəaliyyətinin aktivləşdirilməsində maraqlıyıq və bu məqsədlə əməli addımlar atmağa hazırıq”.

Bu xüsusda, qurumun üzvləri arasında vahid gömrük sahəsinin yaradılması, üzv ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, ümumi nəqliyyat dəhlizlərinin inkişafı, Avropa İttifaqı (Aİ) və regionla əməkdaşlıq kimi prioritet istiqamətlər üzrə təşkilat çərçivəsində təmasların gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. GUAM-a üzv dövlətlər arasında azad ticarət zonasının yaradılması məsələsi də müzakirə olunub.

Həmsöhbətlər bu prioritetlərin həyata keçirilməsi üçün gələcək birgə addımlar barədə razılığa gəliblər.

“Bu cür işlərin sonucunun GUAM ölkələrində yeni investisiyaların cəlb edilməsi, infrastrukturun qurulması, ticarətin artırılması və yeni iş yerlərinin yaradılması olması vacibdir”, - Andriy Sibiqa bildirib.

Tərəflər həmçinin təşkilat çərçivəsində gələcək təmasların qrafikini müzakirə edib və bu görüşlərin məzmunu ilə bağlı fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

44 filmi