Giorgi Xaindrava: Cənubi Qafqazda sülhün əldə olunmasında İlham Əliyevin rolu unikaldır

Xarici siyasət
  • 31 iyul, 2026
  • 16:11
Giorgi Xaindrava: Cənubi Qafqazda sülhün əldə olunmasında İlham Əliyevin rolu unikaldır

Təkcə regionda deyil, bütün dünyada baş verən mürəkkəb prosesləri nəzərə alsaq, Prezident İlham Əliyevin sülhdə rolu tamamilə unikaldır.

Bu fikirləri "Report"un Gürcüstan bürosuna açıqlamasında gürcü siyasi şərhçi Giorgi Xaindrava deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rolu təkcə Cənubi Qafqazda sülhün təmin olunmasına verdiyi töhfə ilə məhdudlaşmır:

"Bu, yalnız Qafqazda sülhün əldə olunması baxımından mühüm nailiyyət deyil. Eyni zamanda, Gürcüstanın və Azərbaycanın üzləşdiyi ağır dövrdən sonra postsovet məkanında Azərbaycanın inkişafı da cənab Əliyevin tamamilə unikal nailiyyətidir".

Siyasi şərhçi qeyd edib ki, Gürcüstanda Azərbaycanın inkişafını yaxından izləyirlər və bu siyasətin regionun sabitliyinə mühüm təsir göstərdiyini görürlər.

"Biz cənab Əliyevin siyasətinin Cənubi Qafqazda öz ölkəsinin inkişafına təsirini yüksək qiymətləndiririk və bunu hiss edirik. Azərbaycanın necə inkişaf etdiyini görürük. Təbii ki, ətrafımızda sülh olmasaydı, bu gün əldə etdiyimiz nəticələrə nail olmaq çətin olardı. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə rolu tamamilə unikaldır", - o vurğulayıb.

Xaindravanın fikrincə, Azərbaycan və Gürcüstanı birləşdirən əsas amillərdən biri hər iki ölkənin sülh siyasətinə eyni yanaşmasıdır:

"Düşünürəm ki, bizi birləşdirən əsas məqam ölkələrimizin sülh siyasətinə eyni cür yanaşması və onu eyni şəkildə qəbul etməsidir. Bu çox vacibdir. Deməli, Qafqazda sülhün əldə olunmasında əsas rol, əlbəttə ki, cənab İlham Əliyevə məxsusdur. Bu məsələdə heç bir fikir ayrılığı ola bilməz".