Fridrix Merts: Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir

Xarici siyasət
  • 21 iyul, 2026
  • 15:50
Fridrix Merts: Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir

Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir.

"Report"un Berlinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.

"Biz Azərbaycanla investisiyalarla bağlı konstruktiv dialoq aparırıq. Bu gün imzalanmış sənəd ölkələr arasında münasibətləri daha da gücləndirəcək. Ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişaf etməsinə çox şadam. Bu il parlamentlər arasında intensiv mübadilə gedir. Bu gün birgə bəyannamə imzalamaqla, biz münasibətlərimizin gələcək inkişafının əsasını qoyuruq. Bundan əlavə, bu gün Almaniya-Azərbaycan İqtisadi Şurasının yaradılması razılaşdırıldı və siz bu mərasimdə iştirak etdiniz. Bu, hər iki ölkənin şirkətləri üçün mühüm siqnaldır. Biz Almaniya və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsində ciddi qərarlıyıq", - o qeyd edib.

F.Mertsin sözlərinə görə, Yaxın Şərqdə davam edən böhran fonunda Almaniyaya neft və qaz tədarükü sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: "Biz bu məsələni ətraflı müzakirə etdik. Biz Azərbaycanın köməyi ilə enerji tədarükümüzü bundan sonra da şaxələndirmək istəyirik. Bu gün biz, həmçinin bərpa olunan enerji və hidrogen enerjisinin inkişafı barədə danışdıq".

O əlavə edib ki, tərəflər Azərbaycanın təklif etdiyi investisiya proqramı üzrə konstruktiv danışıqlar aparır: "Bu proqram Azərbaycanda Almaniya şirkətləri üçün də yeni imkanlar aça bilər. Cənubi Qafqaz Avropa və Asiya arasında əlaqələndirici həlqə kimi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Yeni nəqliyyat və ticarət dəhlizləri birgə reallaşdırmaq istədiyimiz iqtisadi potensial yaradır".

44 - Tezliklə