Fransalı ekspert: "Avroparlamentə seçkilərin nəticələri Azərbaycanla münasibətlərə mənfi təsir göstərməyəcək" - RƏY

Xarici siyasət
  • 29 may, 2019
  • 10:39
Fransalı ekspert: Avroparlamentə seçkilərin nəticələri Azərbaycanla münasibətlərə mənfi təsir göstərməyəcək - RƏY

"Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri gözlənilməz oldu".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy bildirib.

Onun sözlərinə görə, ilk növbədə, seçkilərdə yüksək seçici fəallığı qeydə alındı: "2014-cü ildə keçirilən seçkilərlə müqayisədə bu dəfə seçici fəallığı 9 faiz çox oldu. Belə yüksək göstərici bundan əvvəl 1984-cü ildə qeydə alınmışdı. Budəfəki seçkilərdə daha 25 milyon seçici iştirak edib. Seçkilərdə iştirak edənlərin sayı həm Fransa, həm də bütün Avropa üzrə artıb. Əgər Fransada seçicilərin fəallığı Mari le Penin Milli Yığıncaq Partiyasına səs verməklə Makrona qarşı yönəldilmişdisə, bu, Avropa İttifaqı səviyyəsində tamamilə fərqli məna daşıyır. Seçici fəallığı Avropa İttifaqının və bu səviyyədə qaldırılan məsələlərin nə qədər böyük əhəmiyyət daşımasının, nəhayət, başa düşülməsndən irəli gəlir".

Fransalı ekspert deyib ki, digər məsələ seçkilərin nəticələrinin əvvəlkilərdən əsaslı surətdə fərqlənərək ümumi mənzərəyə əsaslı dəyişikliklər gətirməsidir: "Yaşıllar Partiyası həm Fransada, eyni zamanda Avropanın digər ölkələrində çoxluq qazandı. Hətta Almaniyada yaşıllar səslərin 20 faizini toplayaraq liderliyi ələ keçirdilər. Bu, ətraf mühit məsələlərinin ön plana çəkmək istəyindən xəbər verir. Yaşıllara səs verənlər, əsasən, yaşı 30-dan aşağı olan gənc seçicilər olub. Bundan əlavə, iki fərqli siyasi cərəyanlar arasında balansın eyniləşməsi də diqqətimizi xüsusi cəlb edən məsələlərdəndir. Bu, demək olar ki, eyni səs çoxluğu toplayan Fransanın sağçılar və solçular partiyalarıdır. Eyni zamanda Mari le Penin Milli Yığıncaq Partiyası da Fransa prezidenti Emmanuel Makronun İrəliləyən Respublika Partiyasına çatdı və hətta keçə bildi. Beləliklə, hər iki partiyanın da gücləri bərabərləşdi". 

"Gözləmədiyimiz nəticələrdən biri də Avropa Parlamenti səviyyəsində siyasi partiyalar arasındakı mövcud balansın pozulması və beləliklə, yeni struktur dəyişikliyi üçün perspektivlərin açılmasıdır. Belə ki, iki aparıcı partiyadan biri olan Avropa Xalq Partiyası 216-ı yerdən yalnız 176-nı qoruya bildi. Hətta Sosial Demokratlar Partiyasının da Avropa Parlamentində tutduqları 180 yer azalaraq 147-yə endi. Bu, sosialistlərin, demək olar ki, yoxa çıxması deməkdir. Hər halda konservatorların yerlərinin azalması böyük dəyişikliklərə səbəb olmayacaq. Çünki mühafizəkarlar yenə də Avropa Parlementində liderliyi əllərində saxlaya biliblər. Onlar əvvəlki kimi Avropa Komissiyası rəhbərini təyin edə biləcəklər. Bu, mühafizəkarların Avropa Mərkəzi Bankının, xarici siyasət təmsilçilərinin və digər aparıcı orqanların rəhbərlərinin təyinatına da imkan verir", - E.Dupuy qeyd edib. 

Onun fikrincə, seçkilərin nəticələri indiyədək miqrasiya məsələsinin ekologiya məsələsini üstələyəcəyi fikrinin yanlış olduğunu göstərdi: "Ətraf mühit məsələsi böyük əhəmiyyət daşıyır və Avropa Parlamenti tərkibində müntəzəm müzakirə olunacaq. Bundan sonra gündəliyə daha müntəzəm gətiriləcək əlavə məsələlərdən biri Avropa İttifaqının gələcəyi məsələsidir. Seçkilərin nəticələrinə əsasən, Avropanın liderliyi məsələsi bundan sonra əsas mövzulardan olacaq. Dünyada getdikcə güclənən müxalif koalisiyaya qarşı Avropa İttifaqının gücləndirilməsi perspektivləri daha tez-tez və daha qəti surətdə müzakirəyə çıxarılacaq. Xüsusilə kommersiya məsələlərində liderliyi ələ almış Çinə qarşı Avropa İttifaqının yeri nəzərdən keçiriləcək".

Fransalı ekspert vurğulayıb ki, seçkilərin nəticələri Avropa dövlətlərinin suverenliyi məsələsini, eyni zamanda Avropanın coğrafi xəritəsi məsələsini gündəmə gətirir: "Avropa Parlamentində səs çoxluğu toplayan partiyaların əksəriyyəti Türkiyənin Avropa İttifaqına qəbul edilməsi məsələsinə münasibətdə müsbət mövqedə deyillər. Ümumiyyətlə, bu partiyalar Avropa İttifaqının genişləndirilməsi məsələsinə tərəddüdlə yanaşırlar. Bu, xüsusilə də Cənub Şərq Avropa ölkələrinə münasibətdə belədir. Lakin Rusiya ilə münasibətlərdə müsbət dəyişikliklər gözləmək olar. Rusiya ilə əməkdaşlıq perspektivləri yaranır və hətta sanksiyaların qaldırılması da mümkündür".

E.Dupuy bildirib ki, seçkilərin nəticələri Azərbaycanla münasibətlərə heç bir mənfi təsir göstərməyəcək: "Belə ki, Avropanın genişləndirilməsi məsələsinə mənfi təsiri ola biləcəyi halda, Aİ-nin şərq qonşuları ilə əməkdaşlığı əvvəlki səviyyədə inkişaf etdirəcəyi gözlənilir. Lakin bununla belə, Böyük Britaniya "Brexit" nəticəsində Avropa İttifaqından çıxdığı zaman onun yeri ölkələr arasında bölünəcək. Bu zaman siyasi balansın pozulması baş verə bilər".

44 filmi