Fiona MakKluni: Aqlomerasiyalar mənzil böhranının aradan qaldırılması üçün əsas şərtə çevrilir
- 19 may, 2026
- 16:40
Yeniliklərdən dərhal xəbərdar olun!
İdarəetmənin aqlomerasiya səviyyəsi mənzil böhranının aradan qaldırılması və şəhərlərdə məkan bərabərsizliyinin azaldılması üçün əsas şərtə çevrilir.
"Report" xəbər verir ki, bu barədə "UN-Habitat"ın siyasət və qanunvericilik şöbəsinin rəhbəri Fiona MakKluni WUF13 çərçivəsində Barselona Metropoliten Bəyannaməsinin qəbulu zamanı bildirib.
O qeyd edib ki, bu gün mənzil sistemləri aqlomerasiyalar səviyyəsində fəaliyyət göstərir, çünki insanlar hər gün bələdiyyələr arasında hərəkət edirlər, mənzil bazarları, nəqliyyat, infrastruktur və torpaq resursları isə inzibati sərhədlərlə məhdudlaşmır:
"Mövcud idarəetmə, maliyyələşdirmə mexanizmləri və institusional mandatlar fraqmentləşmiş olaraq qalır və şəhər proseslərinin miqyasını və xarakterini əks etdirmir, bu da mənzil tələbi ilə təklifi arasında uçuruma gətirib çıxarır, xidmətlərə və infrastruktura qeyri-bərabər çıxışı gücləndirir".
F.MakKluni vurğulayıb ki, aqlomerasiya yanaşmasının olmaması urbanistik genişlənməyə, mənzillərin qiymət yükünün artmasına və məkan qeyri-bərabərliyinin güclənməsinə şərait yaradır.
O qeyd edib ki, aqlomerasiyaların nəzərdən keçirilməsi əlavə bürokratiya demək deyil, bu, koordinasiya, inteqrasiya və uzunmüddətli ərazi planlaşdırması alətidir:
"Aqlomerasiyalar yalnız mənzil siyasətinin həyata keçirilməsinə deyil, həm də planlaşdırma, torpaq resurslarının idarə edilməsi, maliyyələşdirmə və mənzil təminatı mexanizmləri də daxil olmaqla, onun formalaşdırılmasına cəlb edilməlidir".