Fərzanə Sadiq: Azərbaycan, İran və Rusiyada yüklərin fasiləsiz ötürülməsinə nail olmaq lazımdır

Xarici siyasət
  • 13 oktyabr, 2025
  • 12:39
Fərzanə Sadiq: Azərbaycan, İran və Rusiyada yüklərin fasiləsiz ötürülməsinə nail olmaq lazımdır

İran Şimal-Cənub dəhlizilə yükdaşımaların sənədləşməsini tamamilə elektronlaşdırmağı təklif edir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu təkliflə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxış edib.

Onun sözlərinə görə, dövlətlər arasındakı nəqliyyat sisteminin mövcudluğu iqtisadi inteqrasiyanın əsasıdır:

"Buna görə də ölkələrin nəqliyyat infrastukturu uyğunlaşdırılmalıdır. Biz bu istiqmətdə tədbirlər hazırlayıb həyata keçirməliyik. İnfrastrukturun uyğunlaşdırılması yüklərin sabit, gecikmələr olmadan və təhlükəsiz çatdırılmasını təmin edəcək".

İranlı nazir əlavə edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi regionun 3 ölkəsi üçün mühüm əhəmiyyət kəsb edir:

"Bu dəhlizlə 2030-cu ilə qədər 15 milyon ton yükün daşınması nəzərdə tutulub. Bunun üçün ilk növbədə hər üç ölkədə yüklərin fasiləsiz ötürülməsinə nail olmaq lazımdır. Düşünürəm ki, sənədləşmənin tamamilə elektronlaşdırılması ötürmə qabiliyyətini artırar, gecikmələrin qarşısını alar. Şimal-Cənub dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xətti Rusiya ilə birlikdə tikilir. Artıq torpaq sahələri alınıb və hamarlama işləri həyata keçirilib. Qarşılıqlı razılaşmaya əsasən, İran ilə Naxçıvanı birləşdirəcək yüksək ötürücülük qabiliyyətinə malik 107 kilometrlik Culfa-Kəlalə avtomobil yolunun tikintisi davam edir".

O, İranın dəhlizin genişlənməsi istiqamətində digər ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu da qeyd edib:

"Şimal-Cənub dəhlizi unikal və beynəlxalq əhəmiyyət daşıyan layihədir. Bu dəhliz yalnız İran, Azərbaycan və Rusiya üçün yox, eyni zamanda regionun digər dövlətlərinin iqtisadi inkişafına və sosial rifahına müsbət təsir göstərir".

Son xəbərlər

Bütün Xəbər Lenti