Fatih Yel: Türkiyədə bir neçə minatəmizləmə maşını uğurla testdən keçib
- 03 sentyabr, 2026
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə bir neçə minatəmizləmə maşını uğurla testdən keçib.
"Report" xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin Mina Təmizləmə Mərkəzinin şöbə müdiri Fatih Yel "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən "Texnologiya və innovasiya: daha təhlükəsiz və daha çox effektiv humanitar mina təmizləmə üçün" panel sessiyasında deyib.
Onun sözlərinə görə, bu gün texnologiyanın minatəmizləmə işlərində ən böyük töhfəsi şübhəli ərazilər barədə məlumat vermək, mina axtarışında uzaqdan idarəetmə sayəsində təhlükəni azaltmaqdır:
"Dronlar səmada uçaraq minalı əraziləri təyin edə bilir. Amma insan gözü səmadan minanı seçə bilməz. Bu kimi məqamları nəzərə aldıqda, texnologiyanın minatəmizləmə işlərinə necə böyük töhfə verdiyi anlaşılar. Lakin texnologiyanın birbaşa minanı təyin etməsi və məhv etməsi hələ ki mümkün deyil".
F.Yel qeyd edib ki, Türkiyədə test mərhələsindən uğurla keçən minatəmizləmə vasitələrindən istifadə edilməsi bu prosesdə insan təlafatını minimum səviyyəyə endirib:
"Həmin sistemlər pilotsuz yerüstü nəqliyyat vasitələrinə inteqrasiya oluna və uzaqdan idarə edilə bilər. Bu, hərbi qulluqçuların həyatı üçün riski minimuma endirir. Həmin maşınlar torpağı güclü mikrodalğalı siqnallarla skan edir. Əks olunan siqnalları təhlil edərək bir növ yerin altının rentgen görüntüsünü çəkir. Süni intellekt alqoritmi sayəsində isə aşkar edilmiş obyektlərin partlayıcı növünü dərhal müəyyən edir".