Ərdoğanın yeni müddətə prezidentliyə başlaması münasibətilə rəsmi ziyafət keçirilib
- 09 iyul, 2018
- 17:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətinin yeni dönəminin başlaması münasibətilə Türkiyənin paytaxtı Ankarada rəsmi ziyafət keçirilib.
"Report" xəbər verir ki, ziyafətdə Azərbaycanı Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Rəsmi ziyafətin keçirildiyi Beştəpədəki Prezident Administrasiyasının qarşısında fəxri qarovul dəstəsi düzülüb. Toplardan yaylım atəşi açılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi ziyafətdə çıxış edib.
Ziyafətdə 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilatın rəhbərləri də daxil olmaqla 6 min nəfər dəvətli şəxs iştirak edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dövlət başçısı kimi iyulun 9-da Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib. Bununla da Türkiyədə prezident üsul-idarəli hökumət rəsmən fəaliyyətə başlayıb.
Türkiyə Böyük Millət Məclisinə gələrkən Prezident Rəcəb Tayyib Ərdoğanı vətəndaşlar böyük coşqu ilə qarsalayıblar. Andiçmə mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.