Türkiyə Prezidenti Kahramanmaraşda Azərbaycan axtarış-xilasetmə qrupunun rəhbəri ilə görüşüb

Xarici siyasət
  • 20 fevral, 2023
  • 15:57
Türkiyə Prezidenti Kahramanmaraşda Azərbaycan axtarış-xilasetmə qrupunun rəhbəri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələ ilə bağlı qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, dövlət başçısı Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən heyətə qardaş ölkədə görülən işlərə görə təşəkkür edib.

"Hamımızın başı sağ olsun. Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm", - Ərdoğan görüş zamanı bildirib.

Qeyd edək ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə gələn Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 760 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. 

Azərbaycanın xilasediciləri indiyədək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.