Emi Karlon: ABŞ Cənubi Qafqazda vəziyyətin doğru istiqamətdə inkişaf etdiyini vurğulayır

Xarici siyasət
  • 12 sentyabr, 2026
  • 11:25
Emi Karlon: ABŞ Cənubi Qafqazda vəziyyətin doğru istiqamətdə inkişaf etdiyini vurğulayır

Birləşmiş Ştatlar Cənubi Qafqazdakı hazırkı vəziyyətin doğru istiqamətdə inkişaf etdiyini vurğulayır və regionda möhkəm sülhün bərqərar olmasına kömək etməyə davam etmək niyyətindədir.

Bu barədə "Report"un Qarabağa ezam olunmuş müxbirinə xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ regionuna səfər edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bildirib.

Onun sözlərinə görə, Vaşinqton ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşündən sonra əldə olunmuş əhəmiyyətli irəliləyişi qeyd edir.

"Bu müddət ərzində əldə edilən irəliləyiş bizi həqiqətən sevindirir. Buna görə də Cənubi Qafqazdakı vəziyyəti birmənalı şəkildə doğru istiqamətdə inkişaf edən vəziyyət kimi qiymətləndiririk", - Karlon bildirib.

O vurğulayıb ki, ABŞ regionda möhkəm sülhün bərqərar olmasına kömək etməyə, o cümlədən rifahın təmin edilməsinə yönəlmiş layihələr vasitəsilə dəstək göstərməyə sadiqdir.