Elşad İskəndərov: Cənubi Qafqaz regionu üçün münaqişə artıq norma hesab edilmir
- 04 sentyabr, 2026
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Qafqaz son 30 ildə köklü dəyişikliklərə məruz qalıb: münaqişə gündəliyi tədricən yerini sülh prosesinə, iqtisadi əməkdaşlığa və nəqliyyat əlaqələrinin inkişafına verir.
"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi ilə "LINKS Europe" Fondu tərəfindən təşkil olunmuş dəyirmi masada deyib.
O xatırladıb ki, 30 il əvvəl Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri 1994-cü ildə əldə olunmuş atəşkəsdən sonra ilk dəfə olaraq sülh nizamlanmasını müzakirə etmək üçün danışıqlar masası arxasına əyləşmişdilər.
E.İskəndərov vurğulayıb ki, həmin səfər o dövrdə regiondakı real vəziyyəti əyani şəkildə nümayiş etdirirdi: yollar minalanmış, yolboyu yerləşən infrastruktur və yaşayış məntəqələri xarabalığa çevrilmişdi, münaqişə isə Cənubi Qafqazda hadisələrin gedişatını müəyyən edən əsas amil olaraq qalırdı.
"30 il sonra mənzərə köklü şəkildə dəyişib. Burada da qeyd olunduğu kimi, münaqişə artıq norma deyil. İndi ictimai və xalq diplomatiyasının yeni mərhələsi, vətəndaş cəmiyyətinin görüşləri də daxil olmaqla, sülh gündəliyi üstünlük təşkil edir", - o bildirib.
Diplomatın sözlərinə görə, hazırkı sülh gündəliyinin rəsmi çərçivəsi, yol xəritəsi var və o, iqtisadi əlaqələrin inkişafı, nəqliyyat əlaqələrinin bərpası və liderlərin siyasi iradəsi ilə möhkəmləndirilir.